Azərbaycanda sahibkarlara məxsus obyektlərdən birində yoxlama aparıldıqda, iş adamlarının fəaliyyəti bütövlükdə dayandırılmayacaq.
FED.az xəbər verir ki, bu, İqtisadiyyat Nazirliyinin hazırladığı “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” qanunda dəyişikliklər edilməsi barədə qanun layihəsində öz əksini tapıb.
Amma bu, sənəddə sahibkarlığın hüquqlarının müdafiəsinin gücləndirilməsi ilə bağlı yeganə məqam deyil. Belə ki, layihədə "Risklərin idarə olunması" anlayışı, onun strukturu, eləcə də struktura daxil olan komponentlərin anlayışları verilir. Bu cür yanaşma risklərin idarə olunmasına aydınlıq, ardıcıllıq və şəffaflıq gətirəcək. Bu isə öz növbəsində, risklərin idarə olunması ilə bağlı proseslərdə müəyyənliyin və sahibkar üçün əlçatanlığın artmasına səbəb olacaq.
Bundan başqa, layihədə ilk də yoxlama prosedurunun iştirakçılarının hüquq və vəzifələri, yoxlayıcı qurumun etik davranış qaydaları və maraqların toqquşmasının qarşısının alınması və fəaliyyətinin qiymətləndirilməsi ilə bağlı müddəalar öz əksini tapıb. Həmin müddəalar yoxlayıcı orqanlara dair tələblər müəyyən edir ki, bu da son nəticədə onların məsuliyyətini artırmaqla yoxlama prosesinin şəffaflığının yüksəlməsinə xidmət edəcək.
“Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” qüvvədə olan qanuna əsasən, dövlət orqanı ilə yanaşı publik hüquqi şəxslər də yoxlayıcı orqan hesab olunur. Hal-hazırda, publik hüquqi şəxslərin fəaliyyətinin qiymətləndirilməsi qanunvericiliklə tənzimlənmir. Yeni qanun layihəsi həmin yoxlayıcı qurumların müvafiq əməkdaşlarının fəaliyyətinin qiymətləndirilməsi məsələsində hüquqi boşluğu aradan qaldırır. Bu isə öz növbəsində, yoxlayıcı orqan səlahiyyəti verilmiş publik hüquqi şəxslərin əməkdaşlarının fəaliyyətinə nəzarəti təmin etməklə, onların məsuliyyətini artırır.
Layihənin bir maddəsi ilə təlim planlarına dair müfəssəl müddəalar əlavə edilir. Eyni zamanda, layihənin digər maddəsi ilə illik planların məzmunu və hazırlanma (yerləşdirmə) müddətləri göstərilir. Hər iki maddə yoxlayıcı orqanların fəaliyyətində şəffaflığın və məsuliyyətin artırılmasına gətirib çıxara bilər. (Report)