İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “Azexport” portalı “Made in Azerbaijan” məhsullarına növbəti sərbəst satış sertifikatlarını təqdim edib. Sertifikatlar İsrail Respublikasına Azərbaycan istehsalı olan alkoqolsuz, qazlı, kofeinli içkilərinin ixracı üçün verilib.
"Made in Azerbaijan" məhsulları "Alibaba.com" ilə yeni bazarlara çıxacaq
FED.az xəbər verir ki, bu barədə Mərkəz məlumat yayıb.
Qeyd edilib ki, Azexport portalı 2018 - ci ilin aprel ayından 2024 - cü ilin mart ayına kimi ümumilikdə 698 adda məhsula sərbəst satış sertifikatı təqdim edib. Sertifikatlar bundan əvvəl ixracında çətinlik yaşanan Qətər, Səudiyyə Ərəbistanı, İordaniya, Birləşmiş Ərəb Əmirlikləri, İraq, İndoneziya, Vyetnam, Filippin, Dominikan və digər Cənub – Şərqi Asiya, Cənubi Amerika, Afrika, Qərbi Avropa, Okeaniya və Ərəb ölkələrinə Azərbaycanda istehsal olunan qida, dərman və orqanizmlə birbaşa təmasda olan məhsullarının çıxışı asanlaşdırıb.
Qeyd edək ki, sərbəst satış sertifikatı Azərbaycan Respublikası Prezidentinin 12 sentyabr 2017-ci il tarixli müvafiq Fərmanına uyğun olaraq təqdim olunur. Sertifikat ixrac olunan malın Azərbaycan Respublikasında sərbəst dövriyyədə olduğunu, aidiyyəti dövlət orqanları və qurumları tərəfindən sertifikatlaşdırıldığını və standartlara cavab verdiyini təsdiq edir.
Sərbəst satış sertifikatı əldə etmək istəyən sahibkarlar “www.azexport.az” internet portalı vasitəsilə müraciət edə bilərlər.