Prezident İlham Əliyev bu gün Mikayıl Cabbarovu Vergilər naziri vəzifəsindən azad edib. Ölkə başçısının digər sərəncamı ilə Mikayıl Cabbarov Azərbaycan Respublikasının İqtisadiyyat naziri təyin edilib.
FED.az Modern.az-a istinadən Mikayıl Cabbarovun tərcümeyi halını təqdim edir.
Eləcə də bax: Prezident Mikayıl Cabbarovu - YENİ VƏZİFƏYƏ TƏYİN ETDİ
Mikayıl Çingiz oğlu Cabbarov 1976-cı il sentyabrın 19-da Bakı şəhərində anadan olub.
1992-ci ildə Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq fakültəsinə daxil olub, 1997-ci ildə fakültəni fərqlənmə diplomu ilə bitirib.
1997-1998-ci illərdə ABŞ-ın Kaliforniya ştatının Sakramento şəhərindəki Pasifik Universitetinin Macgeorge hüquq məktəbində hüquq, 2004-cü ildə isə Azərbaycan Dövlət İqtisad Universitetində iqtisadiyyat üzrə magistr dərəcələri alıb.
1999-cu ildən ABŞ-ın Nyu-York ştatında Vəkillər Kollegiyasının üzvüdür.
Əmək fəaliyyətinə 1995-ci ildən bank sektorunda başlayıb, 1999-2002-ci illərdə hüquq şirkəti və özəl sektorda hüquqşünas kimi fəaliyyət göstərib.
2002-2003-cü illərdə iqtisadi inkişaf nazirinin müşaviri, 2003-2004-cü illərdə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) prezidenti vəzifələrində çalışıb.
Azərbaycan Prezidentinin 2004-cü il 20 fevral tarixli sərəncamı ilə İqtisadi inkişaf nazirinin müavini vəzifəsinə təyin edilib.
Ölkə başçısının 2009-cu il 6 mart tarixli sərəncamı ilə Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi vəzifəsinə təyin edilib.
Azərbaycan Prezidentinin 2013-cü il 19 aprel tarixli sərəncamı ilə Azərbaycan Respublikasının Təhsil naziri təyin edilib.
Prezidentin 2017-ci il 5 dekabr tarixli sərəncamı ilə Azərbaycan Respublikasının Vergilər naziri təyin edilib.
2-ci dərəcəli dövlət vergi xidməti müşaviri olan M.Cabbarov bu gün Vergilər naziri vəzifəsindən azad edilib, İqtisadiyyat Nazirliyinə rəhbər aparılıb.
Evlidir, 2 övladı var.