Xəbər verildiyi kimi, 2021-ci il üzrə Azərbaycanda yaşayış minimumlarının yeni məbləğləri təsdiqlənib.
FED.az bildirir ki, Azərbaycanda yeni yaşayış minimumlarının təsdiqlənməsi vətəndaşlara həmin məbləğdə pul ödəniləcəyi demək deyil. Yaşayış minimumları yalnrız müxtəlif sahələrdə hesablamalar üçün istifadə edilən göstəricidir.
Xatırladaq ki, 2021-ci ildə Azərbaycanda yaşayış minimumları bir qədər artırılıb.
Ölkə üzrə yaşayış minimumu 196 manat, əmək qabiliyyətli əhali üçün 207 manat, pensiyaçılar üçün 162 manat, uşaqlar üçün 175 manat məbləğində müəyyən edilib. 2020-ci illə müqayisədə yaşayış minimumları 5-6 manat arasında artırılıb.
Bəs yaşayış minimumu nə üçündür və harada istifadə edilir?
«Yaşayış minimumu haqqında» qanuna əsasən yaşayış minimumu minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən ibarət sosial normadır.
Yaşayış minimumundan aşağıdakı məqsədlər üçün istifadə olunur:
- aztəminatlı ailələrə ünvanlı dövlət sosial yardımının göstərilməsi;
- əhalinin həyat səviyyəsinin qiymətləndirilməsi və proqnozlaşdırılması;
- fiziki şəxslərin gəlirlərinin vergiyə və icbari ödənişlərə cəlb edilməyən həddinin əsaslandırılması;
- əhalinin pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsində;
- dövlət büdcəsinin, yerli büdcələrin, büdcədənkənar dövlət fondlarının, qanunvericiliklə tənzimlənən qiymət və tariflər müəyyən ediləndə.
Məsələn, bankdan kredit, o cümlədən ipoteka kreditləri götürərkən ailənin kredit qabiliyyəti hesablananda yaşayış minimumundan istifadə edilir. Belə ki, ailənin ümumi gəlirindən hər bir ailə üzvü üçün yaşayış minimumu çıxılır və bununla da ailənin aylıq ödəniş qabiliyyəti hesablanır.
Bundan başqa, yaşayış minimumu vergilərin hesablanmasında istifadə edilir. Yəni aylıq gəlirin yaşayış minimumuna qədər olan hissəsi gəlir vergisindən azaddır.