Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və Baş Prokurorluq birgə məlumat yayıb.
FED.az məlumata əsasən xəbər verir ki, ötən il Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi ilə korrupsiya ilə mübarizə sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
Həmin sənədin icrası ilə əlaqədar hər iki qurum tərəfindən ictimai iaşə xidmətləri göstərən ayrı-ayrı fiziki və hüquqi şəxslər tərəfindən qida təhlükəsizliyi qaydalarının pozulması hallarına qarşı qabaqlayıcı və cinayət təqibi tədbirləri görülüb.
Bu sahədə Qida Təhlükəsizliyi Agentliyi ilə birlikdə həyata keçirilmiş təxirəsalınmaz əməliyyat tədbirləri nəticəsində aşkar edilmiş qanun pozuntuları ilə bağlı Baş idarə tərəfindən 12 cinayət işi başlanaraq istintaq aparılıb, 9 cinayət işi üzrə ibtidai istintaq yekunlaşdırılaraq 16 şəxs məhkəmə məsuliyyətinə verilib, hazırda isə 3 cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.
Birgə görülmüş işlərə misal olaraq keçirilmiş əməliyyat tədbirləri nəticəsində Bakı şəhəri, Abşeron, Ağcabədi və Bərdə rayonlarında fəaliyyət göstərən ət pavilyonu və kəsim sahələrində insan sağlamlığı üçün təhlükə təşkil edən yararsız heyvan cəmdəklərinin aşkar edilməsi nəticəsində 8 şəxs barəsində cinayət işi başlanaraq barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi üzrə qeyd olunan qanunsuz hallar tam və hərtərəfli araşdırılmaqla keyfiyyətsiz ətlərin kütləvi satışı məqsədi güdən digər ictimai iaşə xidmətləri subyektlərinin dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri, habelə vurulmuş ziyanın ödənilməsinin təmin edilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Azərbaycan Respublikasının Baş Prokurorluğu bu qəbildən olan qanunazidd hallarla üzləşən ölkə vətəndaşları və sahibkarlara müraciət edərək Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 161 saylı “Qaynar xətt” əlaqə mərkəzinə, 361-11-76, 361-11-48 nömrəli telefonlar və ya Qida Təhlükəsizliyi Agentliyinin 1003 saylı “Qaynar xətt” əlaqə mərkəzinə və 377-00-77 nömrəli telefonlar vasitəsi ilə məlumat vermələrini xahiş edir.
Qida təhlükəsizliyinə və qida məhsulları istehlakçılarının hüquqlarının pozulmasına yönəlmiş qanun pozuntularının qarşısının alınması istiqamətində bundan sonra da ən ciddi tədbirlər görüləcək.