İqtisadiyyat Nazirliyi tərəfindən liftlərin quraşdırılması və təmiri fəaliyyəti üzrə indiyədək 160 lisenziya verilib.
FED.az xəbər verir ki, bu ilin 8 ayında isə bu fəaliyyət növü üzrə 11 lisenziya təqdim edilib.
Qeyd edək ki, sahibkarlar lisenziya almaq üçün İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin KOB evlərinə, “ASAN xidmət” mərkəzlərinə, həmçinin “Lisenziyalar və icazələr” portalı vasitəsilə İqtisadiyyat Nazirliyinə elektron formada müraciət edə bilərlər. Portalda 23 fəaliyyət növü üzrə lisenziyaların elektron qaydada verilməsi üçün müraciətlərin qəbulu, həmçinin 8 aidiyyəti qurumdan rəyin alınması və nəticələrin rəsmiləşdirilməsi imkanları təmin edilib.
2025-ci ilin yanvar-avqust ayları ərzində 23 fəaliyyət növü üzrə sahibkarlara 1100-dən çox lisenziya, ümumilikdə isə 18 mindən çox lisenziya verilib.
“Lisenziyalar və icazələr” portalının fəaliyyətə başladığı 2018-ci ilin mart ayından cari ilin sentyabrın 1-dək portal vasitəsilə 6707 elektron lisenziya verilib.
Ümumilikdə verilmiş lisenziyaların 26%-i əczaçılıq fəaliyyəti, 23%-i tikintisinə icazə tələb olunan bina və qurğuların tikinti-quraşdırma işləri fəaliyyəti, 13%-i özəl tibb fəaliyyəti, 7%-i tikintisinə icazə tələb olunan və barəsində məlumatlandırma icraatı tətbiq olunan bina və qurğuların layihələndirilməsi fəaliyyəti, 6%-i rabitə xidmətləri (əsasən sürətli poçt) və 25%-ni isə digər fəaliyyət növləri təşkil edib.