“Yağın qiyməti niyə 18 manata qalxıb? İnsanları bu qədər sıxmaq olmaz axı...” Bu sözləri Milli Məclisin oktyabrın 2-də keçirilən iclasında deputat Çingiz Qənizadə deyib.
Musavat.com-un yazdığına görə, bazarlardakı bahalaşma ilə bağlı çıxış edən deputat bunun dövlət tərəfindən nəzarətə alınmasının vacibliyini vurğulayıb: “Seçicilərim mənə sual verirlər ki, niyə ölkədə istehsal olunan malların qiyməti bəzən xaricdə gətirilənlərin qiymətindən bahadır? Mən buna cavab tapa bilmirəm. Həmçinin mənə deyirlər ki, nəyə görə yağın kiloqramı 18 manata çatıb?
Qəzet əməkdaşları məsələ ilə bağlı bazardakı qiymətlərlə maraqlanıblar. “Westgold” və “Ancor” kərə yağlarının 1 kiloqramı 17.50 AZN, "French Cow" Fransa yağının kiloqramı 18.30 AZN, “President” yağı 18.50, “Pınar” kərə yağı isə 24.35 AZN-ə satılır.
Kərə yağları ilə yanaşı, yemək yağlarının və duru yağların da qiymətində 5-10 faizlik artım müşahidə olunur.
İqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, bahalaşmanın əsas səbəbi gömrük rüsumlarının və vergi dərəcələrinin yüksək olması, o cümlədən monopoliyanın güclü olmasıdır: “İdxal mallarının tənzimlənməsi üçün dövlətin əlində çoxlu imkanlar var. Gürcüstanda gömrük rüsumu və vergi dərəcələri ilə Azərbaycandakı gömrük və vergi dərəcələri arasındakı fərq də qiymətlərə təsir edir. Əgər hökumət öz əhalisini öz daxili istehsalı hesabına müəyyən ərzaq məhsulu ilə təmin edə bilmirsə, bunun üçün imkanlar, daxili resursları yoxdursa, gömrük rüsumları və vergi dərəcələrini azaltmaq yolu ilə qiymətlərə təsir edə bilər. Əgər Azərbaycanda istehsal olunan yağ əhalinin tələbatlarını ödəyə bilmirsə, o zaman nəyə görə gömrükdə bu məhsula görə rüsum ödənilməlidir? Bu da qiymətin üzərinə təqribən 35 faiz əlavə xərcin gəlməsinə səbəb olur. Qiymətlərin tənzimlənməsi üçün dövlətin edə biləcəyi çox şey var”.
Ekspertin sözlərinə görə, dövlətin növbəti addımı bu sahədə ciddi rəqabətin yaradılması olmalıdır: “Əgər araşdırma aparsaq görərik ki, Azərbaycana kərə yağını gətirən bir-iki şirkət var. Başqa fiziki və hüquqi şəxslərin Azərbaycana yağ gətirməsinə ciddi maneələr var. Bu da inhisarçılığa yol açan əsas səbəblərdən biridir. Sərhədyanı zonalarda yaşayan əhali belə öz ehtiyaclarını ödəmək üçün qonşu Gürcüstandan və Rusiyadan yağ gətirə bilmir, bunun həcmi ilə bağlı da müəyyən məhdudiyyətlər qoyulur. Bir qutudan artıq yağı gömrükdən keçirməyə qoymurlar. Yeri gəlmişkən, Rusiyada da kərə yağı Azərbaycandan daha ucuz satılır. Əgər insan yağı satış məqsədi ilə gətirmirsə, niyə bu cür məhdudiyyətlər olmalıdır? Həm gömrük, həm də vergi sistemində müəyyən dəyişikliklər etməklə ciddi rəqabətli mühitin yaradılması üçün şərait yaratmaqla dövlət ədalətli hakim rolunu oynaya bilər. Bu baş vermir deyə, inhisarçılıq meyilləri yaranır. Əgər gömrükdə bir iş adamına yaşıl koridor, digərinə isə maneələr yaradılırsa, inhisarçılığın kökü oradan başlayır. Bu da qiymətlərin artmasına səbəb olur. Yağla bağlı məsələ bununla əlaqəlidir. Lojistik olaraq Gürcüstanla Azərbaycana Yeni Zelandiyadan, Avstraliyadan gətirilən yağın dəyəri eyni olmalıdır. Çox ciddi bir məsafə fərqi yoxdur. Amma qiymətlər bu qədər ciddi şəkildə fərqlənirsə, bu, vergi və gömrük siyasəti ilə, inhisarçılığın Gürcüstanda olmaması, Azərbaycanda isə uzun illərdir bir bəla kimi iqtisadiyyatı sıxmasından irəli gəlir”.
Qafqazinfo©