İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2019-ci ilin fevral buraxılışını təqdim edib. FED.az xəbər verir ki, icmalın bu sayında göstərilir ki, 2019-cu ilin yanvar ayı ərzində Azərbaycan Respublikasının ixracı 1,3 milyard ABŞ dolları təşkil edib. Bu müddətdə qeyri-neft sektoru üzrə ixrac isə 138 milyon ABŞ dolları olub.
2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 2019-cu ilin yanvar ayı ərzində qeyri-neft sektoru üzrə ixrac 15 milyon ABŞ dolları və ya 12 faiz artıb. Cari ilin yanvar ayı ərzində Rusiyaya 46,3 milyon, Türkiyəyə 25,2 milyon, Gürcüstana 13,6 milyon, İsveçrəyə 9,8 milyon və İrana 6,9 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.
2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 2019-cu ilin yanvar ayı ərzində Rusiyaya qeyri-neft ixracı 26%, Türkiyəyə 9%, Gürcüstana 20%, İrana 4,1 dəfə artıb.
2019-cu ilin yanvar ayı ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında xurma (12,6 milyon ABŞ dolları) birinci, qabığı təmizlənmiş meşə fındığı (12 milyon ABŞ dolları) ikinci yerdə qərarlaşıb. Mahlıc isə (11,9 milyon ABŞ dolları) bu siyahıda üçüncü olub.
Ümumilikdə isə 2019-cu ilin yanvar ayı ərzində meyvə-tərəvəz ixracı 43,4 milyon, pambıq lifi ixracı 11,9 milyon, plastmassa və onlardan hazırlanan məmulatların ixracı 11,7 milyon, elektrik enerjisinin ixracı 11,1 milyon, alüminium və ondan hazırlanan məmulatların ixracı 6,9 milyon, kimya sənayesi məhsullarının ixracı 6,7 milyon, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 3,2 milyon, alkoqollu və alkoqolsuz içkilərin ixracı 2,7 milyon, pambıq ipliyi ixracı 859 min ABŞ dolları təşkil edib.
Cari ilin yanvar ayında 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə alkoqollu və alkoqolsuz içkilərin ixracı 4,5 dəfə, elektrik enerjisinin ixracı 4,3 dəfə, kimya sənayesi məhsullarının ixracı 86 faiz, pambıq lifinin ixracı 80 faiz, meyvə-tərəvəzin ixracı 24 faiz, plastmassa və onlardan hazırlanan məmulatların ixracı 14 faiz artıb.