Azərbaycan Ordusu işğal altında olan torpaqlarımızı düşməndən təmizləyir. Rəşadətli əsgərlərimizin şücaəti sayəsində kəndlərimiz, şəhərlərimiz bir-bir işğaldan azad olunur. İranla sərhəddə, Cəbrayıl rayonu ərazisində yerləşən Xudafərin körpüsünün işğaldan azad olunması həm tarixi, siyasi, həm də iqtisadi cəhətdən mühüm hadisədir.
Oktyabr ayı üzrə bütün müavinət, təqaüd və kompensasiyalar ödənilib
Bu körpüdən vaxtilə Azərbaycanın İran vasitəsilə xarici ölkələrlə ticarət əlaqələri üçün istifadə olunub. Xudafərin bundan sonrakı mərhələdə İranla əlaqələrin genişləndirilməsi baxımından faydalı olmaqla bərabər, ölkəmizin xarici ticarət dövriyyəsinin həcminin artırılmasına da imkan yaradacaq.
Bunu açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov deyib.
Deputat diqqətə çatdırıb ki, 4 il bundan əvvəl Xudafərin körpüsü üzərində hidroqovşaqların inşasına başlanıldı. Bu məsələyə müxtəlif yanaşmalar var idi. Bəzi qüvvələr mövcud hakimiyyəti qınayır və ittiham edirdilər. Belə ki, 2016-cı ilin fevralında Tehranda imzalanmış və həmin ilin iyununda Milli Məclisdə ratifikasiya olunmuş Saziş Azərbaycanla İran arasında Araz çayı üzərində “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisini nəzərdə tuturdu. O zaman bəzi siyasi qüvvələr iddia edirdilər ki, saziş nəticəsində Araz çayı üzərində inşa olunan körpülər işğalçı Ermənistanla İran arasında kommunikasiyanı gücləndirəcək. Bu razılaşmanın mahiyyətini və strateji əhəmiyyətini dərk etməyənlər o zaman bunu az qala “İran-Ermənistan əməkdaşlığı”na şərait yaradılması kimi qələmə verir, hakimiyyətə qarşı ittihamlar irəli sürürdülər. Əslində, imzalanmış saziş Azərbaycanın ərazi bütövlüyünə əsaslanan beynəlxalq sənəddir.
Vüqar Bayramov deyib: “Xudafərin körpüsü üzərində məlum layihələrin icra edilməsi işğaldan azad olunmuş ərazilərimizin bərpasında, sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq. Azərbaycan bu layihələrdən istifadə etməklə iqtisadi potensialını gücləndirəcək.
Bu elektrik stansiyaları, hidroqovşaqlar vasitəsilə Azərbaycan işğaldan azad edilən ərazilərinin su və enerji təchizatı problemləri həll olunacaq, bölgənin qısa müddətdə bərpasına və inkişafına şərait yaranacaq. Bu, həm də Azərbaycan enerjisinin ixracı baxımından yeni imkanlar deməkdir. Bu layihələrin icrası Prezident İlham Əliyevin uzaqgörən siyasətinin nəticəsidir”.
Deputat vurğulayıb ki, Xudafərinin işğaldan azad olunması Prezident İlham Əliyevin nə qədər uzaqgörən siyasi xadim olduğunu bir daha göstərdi. Dörd il əvvəl imzalanan saziş işğalçı Ermənistanın Araz çayı üzərindəki qanunsuz fəaliyyətinin qarşısını aldı. Məsələyə bu günün reallığından, yəni, həmin ərazilərin işğaldan azad olunması prizmasından baxdıqda, aydın görmək olur ki, bu addımla həm də qarşıdan gələn dövrdə həmin bölgənin sosial-iqtisadi inkişafına böyük təkan verəcək mühüm bir layihə həyata keçirilib.