2023-cü ildə ümumi satınalmaların məbləği 7,5 milyard manatdan çox olub: "Hesabat dövründə elektron satınalmaların ümumi satınalmalarda payı 22,4 % təşkil edib. 2022-ci illə müqayisədə ötən il elektron satınalmaların həcmi 32,9 % artıb".
FED.az xəbər verir ki, bu barədə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli 18 yanvar tarixində keçirilən mətbuat konfransında məlumat verib.
Hesabat ilində dövlət satınalmalarında orta iştirakçı sayı 3,9 olub. “Bildiyiniz kimi, qanunda minimum iştrakçı sayı 3 hesab olunur. İslahatlar aparıldıqca dövlət satınalmalarındakı iştirakçı sayı artacaq ki, bu da rəqabətliliyin artmasını ehtiva edir",- deyə M.Abbasbəyli əlavə edib.
"Bundan əlavə cari ilin yanvar ayının 1-dən "Dövlət satınalmaları haqqında" yeni qanun qüvvəyə minib, bununla da, elektron satınalmalara keçidin yekunlaşdırılması istiqamətində əhəmiyyətli addımlar atılıb. Elektronlaşma nəticəsində sahibkarlar üçün dövlət satınalmaları daha əlçatan olacaq və müvafiq sahədə rəqabəti təşviq edəcək". - deyə o bildirib.
Xidmət rəisi bildirib ki, dövlət satınalmaları ilə bağlı qəbul olunmuş yeni qanuna əsasən şirkətlər artıq aşağı salınmış məbləğlər ödəyərək əsas şərtlər toplusuna aid sənədlər ilə tanış ola bilərlər. Məbləğə gəlincə, məbləğ 15 manatdan başlayır.