Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Xəzər rayonunda maliyyələşdiriləcək prioritet sahələri müəyyənləşdirib. Bu barədə fondun elanında deyilir.
SKMF müasir istilik kompleksi, zeytun yetişdirilməsi üzrə tbadam bağının yaradılması, ət kəsimi və üzlük daş istehsalı üzrə müəssisələrin yaradılması üzrə investisiya layihələrinin maliyyələşdirilməsini məqsədəuyğun hesab edir.
“Xəzər rayonunda fəaliyyət göstərən sahibkarlar bu istiqamətlərdə layihələrini fondun müvəkkil kredit təşkilatlarına təqdim edə, eləcə də fonda müraciət edərək müvafiq məsləhətlər ala bilərlər. Bununla yanaşı, sahibkarların istəyinə əsasən, SKMF layihənin dəyərinin 100%-dək həcmində kredit ayıra bilər”, - deyə məlumatda qeyd edilir.
SKMF 1992-ci ildə yaradılıb. Sahibkarlara kreditlərin verilməsi 50-dən artıq bank və bank olmayan kredit təşkilatı vasitəsilə həyata keçirilir. 2016-cı ildə fondun xətti ilə sahibkarlara 190 mln. manat məbləğində güzəştli kredit verilib. 2017-ci ildə bu məbləğ 150 mln. manat təşkil edəcək.