Cari ilin yanvar-iyun aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 187 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 111 ölkəyə məhsul ixrac olunub, 177 ölkədən idxal edilib.
Azərbaycanın 7 ayda ən çox ixrac və idxal etdiyi mallar - SİYAHI
Dövlət Statistika Komitəsindən FED.az-a bildirilib ki, gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa atdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2023-cü ilin yanvar-iyun aylarında xarici ticarət dövriyyəsi 22 milyard 953,7 milyon ABŞ dolları, o cümlədən ixracın dəyəri 14 milyard 755,2 milyon dollar, idxalın dəyəri 8198,5 milyon dollar təşkil edib, nəticədə 6 milyard 556,7 milyon dollarlıq müsbət ticarət saldosu yaranıb.
2022-ci ilin yanvar-iyun ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 11,4 faiz azalıb, real ifadədə isə 2,5 faiz, o cümlədən idxal 8,5 faiz, ixrac 0,6 faiz artıb.
Dövlət Gömrük Komitəsindən daxil olmuş məlumatlara əsasən xarici ticarət dövriyyəsinin 92,6 faizi İtaliya, Türkiyə, Rusiya, Çin, Almaniya, Yunanıstan, Hindistan, İspaniya, İsrail, Türkmənistan, Çexiya, Gürcüstan, Rumıniya, Fransa, İrlandiya, ABŞ, İran, Qazaxıstan, Yaponiya, Bolqarıstan, Avstriya, Koreya, Xorvatiya və Belarus ilə aparılmış ticarət əməliyyatlarının payına düşüb. Ölkəyə idxal olunmuş məhsulların ümumi dəyərinin 18,8 faizi Rusiyanın, 15,4 faizi Çinin, 14 faizi Türkiyənin, 5,9 faizi Almaniyanın, 5,4 faizi Türkmənistanın, 3,5 faizi Fransanın, 3 faizi ABŞ-ın, 2,9 faizi İranın, 2,6 faizi İtaliyanın, 2,4 faizi Yaponiyanın, 2,3 faizi Koreyanın, hər biri 1,9 faiz olmaqla Qazaxıstan və Belarusun, 1,8 faizi Birləşmiş Krallığın, 1,4 faizi Ukraynanın, 1,3 faizi Hindistanın, 1,2 faizi Braziliyanın, 1 faizi Polşanın, hər biri 0,8 faiz olmaqla Vyetnam və Niderlandın, 11,7 faizi isə digər ölkələrin payına düşüb. İdxalda maşınların, mexanizmlərin, elektrotexniki avadanlıq və aparatların, mineral məhsulların, nəqliyyat vasitələrinin, kimya sənayesi məhsullarının, azqiymətli metallar
və onlardan hazırlanan məmulatların, hazır ərzaq məhsulları, içkilər və tütün məmulatlarının, bitki mənşəli məhsulların, plastik kütlə və ondan hazırlanan məmulatların, toxuculuq materialları və məmulatlarının dəyəri üstünlük təşkil edib. İdxal olunan malların 62,8 faizini avtomobil, 14,7 faizini dəmir yolu, 10,3 faizini dəniz, 9,1 faizini hava nəqliyyatı ilə gətirilmiş, 3,1 faizini isə boru kəməri və elektrik ötürücü xətləri ilə nəql edilmiş məhsulların dəyəri təşkil edib.
2022-ci ilin yanvar-iyun ayları ilə müqayisədə 2023-cü ilin yanvar-iyun aylarında mühüm məhsul növlərindən buğda idxalı 23,1 faiz, unlu qənnadı məmulatları 5,1 faiz, şokolad və şokolad məhsulları 2,6 faiz, mal əti 2,6 dəfə, siqaretlər 34,5 faiz, minik avtomobilləri 38,8 faiz, dərman vasitələri 5,5 faiz, polad prokatı 2,1 dəfə, qara metallardan borular 41,8 faiz, hesablama maşınları, blok və qurğuları 9,9 faiz, rezin şinlər 17,7 faiz, sintetik yuyucu vasitələr 17,8 faiz, yük avtomobilləri 37,1 faiz, mebellər 4,2 faiz, polietilen 69,2 faiz, mineral gübrələr 45,2 faiz, paltaryuyan maşınlar 36 faiz, polipropilen 39,8 faiz, qara metallardan künclüklər 31,9 faiz, məişət soyuducuları 68,6 faiz artmış, xam şəkər idxalı isə 8,5 faiz, təzə meyvə 12 faiz, bitki yağları 17,9 faiz, kərə yağı, digər süd yağları və pastaları 21,1 faiz, çay 13,8 faiz, kartof 21,1 faiz, quş əti və onun əlavə məhsulları 4 faiz, təzə tərəvəz 3,8 faiz, məişət kondisionerləri 7,6 faiz, qara metallardan çubuqlar 8,5 faiz, avtobuslar 76,2 faiz, sement 29,9 faiz azalıb.
Cari ilin yanvar-iyun aylarında ölkəyə 44 min 937 ədəd minik avtomobili, 3161 ədəd yük avtomobili, 77 ədəd avtobus idxal olunub. İxracın 46,5 faizini İtaliyaya, 15,4 faizini Türkiyəyə, 4,5 faizini Yunanıstana, 3,6 faizini İspaniyaya, hər biri 3,5 faiz olmaqla İsrail və Rusiyaya, 3,4 faizini Hindistana, 2,4 faizini Çexiyaya, hər biri 2,3 faiz olmaqla Rumıniya və Gürcüstana, 2,1 faizini Almaniyaya, 1,8 faizini İrlandiyaya, hər biri 1 faiz olmaqla Bolqarıstan və Xorvatiyaya, 0,9 faizini Avstriyaya, 0,7 faizini Fransaya, hər biri 0,5 faiz olmaqla İndoneziya, Sinqapur və Vyetnama, hər biri 0,4 faiz olmaqla İsveçrə və Portuqaliyaya, 2,8 faizini isə digər ölkələrə göndərilmiş məhsulların dəyəri təşkil edib.
Cari ilin yanvar-iyun aylarında ixracın 90,0 faizini boru kəməri və elektrik ötürücü xətləri ilə nəql edilmiş, 5,1 faizini avtomobil, 3,5 faizini dəmir yolu, 0,9 faizini hava, 0,5 faizini dəniz nəqliyyatı ilə göndərilmiş məhsulların dəyəri təşkil edib. İxracın strukturunda xam neft, təbii qaz və neft-qaz məhsullarının, meyvə və tərəvəzlərin, plastik kütlə və ondan hazırlanan məmulatların, kimya sənayesi məhsullarının, alüminium və ondan hazırlanan məmulatların, pambıq lifi və ipliyinin, qara metallar və onlardan hazırlanan məmulatların, alkoqollu və alkoqolsuz içkilərin, şəkərin, bitki yağlarının payı üstünlük təşkil edib.
Bu ilin yanvar-iyun aylarında 2022-ci ilin yanvar-iyun ayları ilə müqayisədə mühüm məhsul növlərindən təzə meyvə ixracı 25,8 faiz, təzə tərəvəz 15,4 faiz, şəkər 35,8 faiz, meyvə və tərəvəz şirələri 36,7 faiz, meyvə və tərəvəz konservləri 61,7 faiz, təbii üzüm şərabları və üzüm suslosu 2 dəfə, marqarin, qida üçün yararlı digər qarışıqlar 7,8 faiz, polipropilen 2,7 dəfə, polietilen 66,7 faiz, emal olunmamış alüminium 8,4 faiz, qara metallardan borular 14,3 faiz, sement klinkerləri 12,6 faiz, qara metallardan çubuqlar 16,4 faiz, bentonit gili 6,7 faiz artıb, kartof ixracı isə 9,1 faiz, çay 69,1 faiz, tütün 60,2 faiz, bitki yağları 80,6 faiz, pambıq lifi 35,4 faiz, mineral gübrələr 26,1 faiz, pambıq ipliyi 3,3 faiz, qara metallardan yarımfabrikatlar 54,4 faiz azalıb.