2024-cü ilin ilk 2 ayında Azərbaycanın xarici ticarət dövriyyəsi 6 milyard 428 milyon dollar olub. İxracatımız 3 milyard 981 milyon, idxalımız isə 2 milyard 446 milyon dollardır. Bu müddətdə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 23,5 faiz, real ifadədə 15 faiz, o cümlədən, idxal 19,9 faiz, ixrac isə 12,7 faiz azalıb.
Azərbaycanın xarici ticarət dövriyyəsində müsbət saldo 38%-dən çox azalıb
FED.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov sosial şəbəkə hesabında yazıb.
O bildirib ki, qeyri-neft-qaz məhsullarının ixracı əvvəlki ilin eyni dövrü ilə müqayisədə, faktiki qiymətlərlə 30,1 faiz, real ifadədə 36,9 faiz azalaraq 455 milyon dollar təşkil edib.
"Diqqəti çəkən məqam ondan ibarətdir ki, bu ilin ilk 2 ayında neftin dünya bazar qiymətində əvvəlki ilin uyğun dövrü ilə müqayisədə, kəskin fərq olmayıb. Belə ki, Brent markalı neftin bir barelinin qiyməti 2023-cü ilin yanvar ayında 82.5, fevral ayında 82.8, bu ilin ilk aylarında isə uyğun olaraq 80.12 və 83.48 dollar olub. 2023-cü ilin ilk 2 ayında 82.65, builki dövr üçün isə 81.8 dollar orta qiymət qeydə alınıb. Göründüyü kimi, neftin dünya bazar qiyməti ticarət dövriyyəsi azalması üçün təsirli faktor olmayıb.
Bununla belə, neft hasilatındakı eniş ümumi ticarət dövriyyəsində azalmaya gətirib çıxarıb. Neft hasilatı bu müddətdə 6.7 faiz azalıb. Azərbaycan ixracatının 90 faizə yaxınını neft və qaz ixracatı təşkil etdiyi bu ümumi ticarət dövriyyəsində azalmalar müşahidə olunub. İdxalın azalması mövsümi faktorlar və eləcə də, dövlət satınalmaları ilə bağlı yeni qaydaların tətbiqi ilə bağlıdır.
Elektrik enerjisi və spirtli və spirtsiz içkilərin ixracatının azalması isə ümumi qeyri-neft ixracatına təsir göstərib. İqtisadiyyatın diversifikasiya baxımından isə qeyri neft-qaz ixracatının strukturunun və ixrac bazarlarının şaxələndirilməsi prioritet olaraq qalmaqdadır", - deyə V.Bayramov əlavə edib.