Azərbaycanda qızıl, gümüş və mis hasilatı ilə məşğul olan Böyük Britaniyanın "Anglo-Asian Mining Plc." şirkətinin bu ilin I yarısı ərzində Gədəbəy ərazisində hasilatı 7% artaraq 39 905 unsiya qızıl ekvivalenti olub.
FED.az xəbər verir ki, bu barədə şirkətin I yarımillə bağlı hesabatında qeyd olunub.
Hesabat dövründə qızıl hasilatı 34 394 unsiya, mis hasilatı 963 ton, gümüş hasilatı isə 84 586 unsiya təşkil edib. Qızıl hasilatında 3,4%, mis hasilatında 64% artım, gümüş hasilatında isə 0,23% azalma qeydə alınıb.
Bu həcmin 19 618 unsiyası II rübün payına düşüb. Bu isə ötən ilin müvafiq dövründən 3% artıqdır.
Şirkət II rübdə 17 149 unsiya qızıl, 450 ton mis, 33 292 unsiya gümüş hasil edib. Qızıl hasilatı ötən ilin müvafiq dövründən 2,3%, mis hasilatı 35,5% çox, gümüş hasilatı isə 24,7% az olub.
Şirkət II rübdə 13 467 unsiya qızıl külçə satıb və hər unsiya üçün orta satış qiyməti 1 332 dollar təşkil edib. Ötən ilin II rübündə isə 10 822 unsiya külçənin hər unsiya üçün orta satış qiyməti 1 307 dollar olub.
Qeyd edək ki, şirkət bu il 82-86 min unsiya qızıl ekvivalenti hasilat planlaşdırır.
Xatırladaq ki, “Anglo-Asian Mining” Azərbaycanda 1997-ci il avqustun 21-də imzalanmış PSA (Production Sharing Agreement/Hasilatın Pay Bölgüsü) tipli müqavilə çərçivəsində hasilatla məşğul olur. Müqavilədə Azərbaycanın payı 51%, "Anglo-Asian Mining Plc." şirkətinin payı 49% təşkil edir. İlk qızıl hasilatına ("Gədəbəy" yatağında) 2009-cu ildə başlanılıb.
“Gədəbəy” bir-birinə inteqrasiya olunmuş mədənləri olan açıq mədəndir. Şirkət ərazidə yerləşən “Qadir” və “Gədəbəy” yatağından 50 km aralıdakı “Qoşa” yeraltı mədənində, yeni kəşf olunan "Uğur" yatağında da hasilatla məşğuldur.