Azərbaycanın 2019-cu ilin yanvar-dekabr ayları ərzində qeyri-neft sektoru üzrə ixracı 1 milyard 954 milyon dolları təşkil edib.
FED.az xəbər verir ki, bu barədə məlumat İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin açıqladığı hesabatda yer alıb.
Eləcə də bax: Pomidor, qızıl və fındıq - AZƏRBAYCANIN «İXRAC ÇEMPİONLARI»DIR
Hesabatda bildirilir ki, 2018-ci illə müqayisədə 2019-cu ildə qeyri-neft sektoru üzrə ixrac 265 milyon dolları və ya 15,7% artıb. Ötən il ərzində Rusiyaya 690,6 milyon, Türkiyəyə 401,8 milyon, İsveçrəyə 179 milyon, Gürcüstana 159,1 milyon və Ukraynaya 50,6 milyon dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub. 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 2019-cu ildə Rusiyaya qeyri-neft ixracı 11,5%, Türkiyəyə 16,5%, İsveçrəyə 32,2%, Gürcüstana 27,8% və Ukraynaya 24,6% artıb.
2019-cu il ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısına isə pomidor (189,3 milyon dolları) liderlik edib. Bu siyahıda qızıl (sikkə kəsilməsində istifadə olunmayan, digər emal olunmamış formalarda – 172,4 milyon dolları) ikinci və qabığı təmizlənmiş meşə fındığı (124,2 milyon dolları) üçüncü olub.
Ümumiyyətlə, 2019-cu ildə meyvə-tərəvəz ixracı 605,8 milyon, plastmassa və onlardan hazırlanan məmulatların ixracı 179,4 milyon, alüminium və ondan hazırlanan məmulatların ixracı 128 milyon, pambıq lifi ixracı 124 milyon, kimya sənayesi məhsullarının ixracı 102,9 milyon, elektrik enerjisinin ixracı 76,8 milyon, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 57,6 milyon, pambıq ipliyi ixracı 30,2 milyon, şəkər ixracı 26,9 milyon, alkoqollu və alkoqolsuz içkilərin ixracı 23,7 milyon ABŞ dolları təşkil edib.
Məlumat üçün onu da bildirək ki, 2019-cu ilin ilk 11 ayının yekununda Azərbaycan əhalisinin sayının 10 milyon 60 min 194 nəfər olduğunu nəzər alasaq, o zaman adambaşına düşən qeyri-neft məhsullarının ixracı 194 dollar olub.
Maraqlıdır ki, qonşu Ermənistanda və Gürcüstanda adambaşına düşən qeyri-neft məhsullarının ixracı Azərbaycanla müqayisədə dəfələrlə yüksəkdir. Açıqlanan rəsmi məlumatlar göstərir ki, 3 milyon 723,5 min nəfər əhalisi olan Gürcüstanda 2019-cu ildə qeyri-neft məhsullarının ixracı 3 milyard 771,5 milyon dollar olub. Bu isə o deməkdir ki, Gürcüstanda adambaşına düşən qeyri-neft məhsullarının ixracı 1012 dolara bərabərdir. 2 milyon 961,4 min nəfər olan Ermənistada isə 2 milyard 401,7 milyon dollar dəyərində qeyri-neft məhsulları ixrac edilib. Nəticədə Ermənistanda adambaşına düşən qeyri-neft məhsullarının ixracı 811 dolara bərabər olub.
Yeniavaz