"Azərbaycanın "Qlobal Rəqabətlilik Hesabatı"nda 2 pillə irəliləyərək 35-ci pillədə qərarlaşması prezident İlham Əliyevin Azərbaycanda apardığı islahatlara verilən qiymətdir".
FED.az APA-ya istinadən xəbər verir ki, bunu Azərbaycanda Amerika Ticarət Palatasının ("AmCham-Azerbaijan") təşkil etdiyi işgüzar naharda İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı deyib.
Müzakirələr zamanı V. Qasımlı Strateji Yol Xəritəsinin yarımillik monitorinq və qiymətləndirmə hesabatı barədə danışıb: "Ümumi monitorinq və qiymətləndirmənin nəticələri onu göstərir ki, bu ilin 6 ayında nəzərdə tutulmuş tədbirlərin yarıdan çoxu icra edilməyə başlanıb, hətta bəzi tədbirlərin icrası yekunlaşıb. Bu, onu deməyə əsas verir ki, bütün tədbirlər ilin sonunadək icra ediləcək, əldə olunan nəticələr Strateji Yol Xəritəsində təqdim olunmuş hədəf göstəricilərinə uyğun olacaq".
İcraçı direktor həmçinin qeyd edib ki, Strateji Yol Xəritəsinin qəbul edilməsi və bu çərçivədə ölkədə aparılan davamlı işlər "Qlobal Rəqabətlilik Hesabatı"nda Azərbaycanın irəliləməsi üçün vacib amil hesab edilməlidir: "Azərbaycanın 140 ölkə arasında bir sıra ölkələri arxada qoyaraq 35-ci yerdə qərarlaşması onu göstərir ki, qısa müddət ərzində sahibkarlıq fəaliyyətinin optimal gəlirliliyini təmin edəcək və rəqabət prinsiplərinə əsaslanacaq biznes mühitini yaratmaq, ölkənin investisiya cəlbediciliyini artırmaq, beynəlxalq reytinqlərdə Azərbaycanın mövqeyini daha da yaxşılaşdırmaq üçün qanunvericiliyin və inzibatçılığın təkmilləşdirilməsi həyata keçirilib".
Qeyd edək ki, tədbirdə 135 nəfərdən çox "AmCham-Azerbaijan" üzvü, o cümlədən diplomatik korpusun nümayəndələri iştirak edib.
"AmCham-Azerbaijan"ın işgüzar nahar formatında keçirilən bu cür tədbirləri hər ay təşkil olunur. Tədbirlərə qonaq qismində dövlət rəsmiləri, millət vəkilləri, müxtəlif mərkəzi dövlət qurumlarının rəhbərləri və digər yüksək səviyyəli şəxslər dəvət edilirlər.