Prezident İlham Əliyev "Rəqabət Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında" qanunu təsdiqləyib.
Prezident Rəqabət Məcəlləsini təsdiqləyib - FƏRMAN
Dövlət başçısı, həmçinin qanunun tətbiqini təmin etmək məqsədilə "Rəqabət Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında" 2023-cü il 8 dekabr tarixli 1051-VIQ nömrəli qanunun tətbiqi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi barədə Fərman da imzalayıb.
Rəqabət Məcəlləsi 2024-cü il iyulun 1-dən qüvvəyə minəcək.
Bundan sonra üç qanun ləğv ediləcək:“Antiinhisar fəaliyyəti haqqında” 1993-cü il 4 mart tarixli 526 nömrəli qanun, “Haqsız rəqabət haqqında” 1995-ci il 2 iyun tarixli 1049 nömrəli qanun, “Təbii inhisarlar haqqında” 1998-ci il 15 dekabr tarixli 590-IQ nömrəli qanun. Nazirlər Kabineti 4 ay müddətində Rəqabət Komissiyasının yaradılması, tərkibi, rəqabət komissiyası tərəfindən işlərə baxılması və qərarların qəbul edilməsi qaydalarını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiqləməlidir. Rəqabət Məcəlləsinin qəbul olunması ölkə iqtisadiyyatının inkişafı, biznes mühitinin əlverişliliyinin artırılması, azad sahibkarlığın təşviqi baxımından mühüm əhəmiyyət kəsb etməklə, ölkədə sahibkarların sağlam rəqabət şəraitində fəaliyyətinin hüquqi əsaslarını müəyyən edəcək. Yeni məcəllə, eyni zamanda istehlakçıların hüquqlarının müdafiəsini, məhsul və xidmətlərin keyfiyyətinin daha da artırılmasını hədəfləyir.
FED.az xəbər verir ki, Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri, Türk Dövlətləri Qiymətləndiricilər Birliyinin vitse-prezidenti Vüqar Oruc bildirib ki, Rəqabət Məcəlləsi ölkəmizdə rəqabət mühitinin təmin edilməsi və haqsız rəqabətin aradan qaldırılması üçün hüquqi çərçivənin müəyyən edilməsi məqsədilə hazırlanıb. Məcəllə hökmran mövqedən sui-istifadənin qarşısının alınması və rəqabət neytrallığının təmin olunmasına xidmət etməklə yanaşı, sahibkarlıq subyektlərinin fəaliyyətinin stimullaşdırılmasına da şərait yaradacaq. Yeni sənəd, eyni zamanda, kartel tipli əlaqələrin qarşısının alınmasına, təbii inhisarların fəaliyyətinə səmərəli nəzarətin təşkilinə, haqsız rəqabət hallarının aradan qaldırılmasına imkan verəcək.
Rəqabət Məcəlləsinin bir çox üstünlüklərinin olduğunu deyən V.Oruc daha özəl sektorun inkişafı üçün dəyeni mərhələnin başlandığını qeyd edib: ”Haqsız rəqabət və inhisarçılıq meyilləri azalacaq, biznes mühitinin cəlbediciliyi artacaq, azad rəqabət və əlverişli biznes mühiti investisiya qoyuluşlarını artıraca, bazara giriş maneələrinin aradan qaldırılmasını təmin etməklə, mikro, kiçik və orta sahibkarlığın inkişafına töhfə verəcək, bazar iştirakçılarının sayı çoxalacaq, yerli təsərrüfat subyektlərinin daxili və xarici bazarlarda rəqabətqabiliyyətliliyi yüksələcək, innovasiya fəaliyyətinin, özəl sektorda rəqəmsallaşmanın tətbiqi genişlənəcək, işğaldan azad olunmuş ərazilərimizin bərpası və yenidənqurulması prosesi sürətlənəcək”. Onun fikrincə,Rəqabət Məcəlləsinin qəbul olunması ölkə iqtisadiyyatının inkişafı, azad sahibkarlığın təşviqi baxımından mühüm əhəmiyyət kəsb etməklə, ölkədə sahibkarların sağlam rəqabət şəraitində fəaliyyətini genişləndirəcək. İş adamları yeni mühitdə daha sağlam bazar subyekti kimi işgüzar münasibətlər quracaqlar. Dövlət isə biznesin imkanlarının artmasından maddi gəlirlər əldə edəcək. Ən əhəmiyyətlisi isə Azərbaycanın beynəxalq miqyasda biznes mühitinin əlverişliliyinin artırılması ilə bağlı mövqeyi yaxşılaşacaq, ölkəmizin rəqabət indeksinin müəyyən edilməsi metodologiyasının təkmilləşməsində mühüm rol oynayacaq və ölkəmiz rəqabətlililik hesabatlarında irəliləyəcək: “Bundan başqa sosial rifahın yüksəlməsi üçün yeni impulslar yaranacaq. Kiçik və orta sahibkarlıq subyektlərinin kəmiyyətinin artması yeni iş yerlərinin yaranmasına təkan verəcək, məhsul və xidmətlərin çeşidi, seçim imkanı artacaq, istehsalın və təklifin artması qiymətlərin azalmasına səbəb olacaq, əsassız qiymət artımları ilə mübarizədə səmərəlilik yüksələcək, qiymətlərin optimallaşmasına imkan yaranacaq, ədalətli rəqabət məhsul və xidmətlərin keyfiyyətini yüksəldəcə, istehlakçıların hüquqlarının müdafiəsi güclənəcək”. Rəqabət Məcəlləsinin qəbulu inhisara qarşı mübarizə, qiymətlərin optimallaşdırılması və bir sıra məhsullar üzrə qiymətlərin azadılmasına xidmət etməsi baxımından əhəmiyyətlidir. Rəqabət Məcəlləsinin qəbul edilməsi nəticədə Azərbaycanın iqtisadiyyatında rəqabətin daha yaxından dəstəklənməsində, inhisara qarşı mübarizənin gücləndirilməsində xüsusi paya malik olacaq: “Yeni tənzimləmə mexanizmləri yaranacaq. İqtisadi tənzimləmənin səmərəliliyi yüksələcək, iqtisadiyyatın “ağardılması”na töhfə veriləcək, təbii inhisar subyektlərinin fəaliyyətinin effektivliyi artacaq”.