Iqtisadçı ekspert Vüqar Bayramov 5 önəmli məsələ ilə bağlı proqnoz verib. Söhbət neft qiymətləri, avro, manat,qızıl və daşınmaz əmlak bazarından gedir.
“Çinə görə neft 20 dollara düşə bilər”
V.Bayramov Fins.az-a bildirib ki, sentyarbın 25-də bir barelinin qyməti 60 dollara yaxınlaşan neft daha sonra dəyər itirsə də oktyabrın 9-dan etibarən cüzi olsa da bahalaşa bilib. Bununla belə, hal-hazırda hər barelinə 58 dollara yaxın pul ödənilən Brent markalı neftin gələcək qiyməti heç də nikbin görsənmir. Bir tərəfdən şist neft, digər tərəfdən elektrik avtombillərin istehsalının genişləndirilməsi ilə bağlı planlar neftin qiymətinin orta müddətli dövrdə yüksəlməyəcəyindən xəbər verir. “Amazon effekti” adlandırılan texnoloji yenliklər neft bazarına ciddi alternativ yaratmaqla “qara qızıla” olan tələbin azalmasına gətirib çıxarır. Xüsusilə də, Çinin elektrik avtomobillərin (EVs) istehsalı ilə bağlı planları növbəti 20 ildə neftin bir barelinin qiymətinin 20 dollara qədər aşağı düşməsinə gətirib çıxara bilər. Bunu bəlkə də təsəvvür etmək çətindir, amma dünyada ən böyük avtomobil bazarına sahib olan Çinin bu istiqamətdəki gələcək planlarının necə reallaşması neftin qiymətinə birbaşa təsir göstərəcək. Bununla belə, bu proqnozlar növbəti dekada üçündür. Hələlik isə neftin bir barelinin 50 dollar intervalında dəyişməsi daha çox bazar tarazlığına uyğundur.
“Avronun taleyi İspaniyadakı hadisələrdən aslı olacaq”
V.Bayramov bundan əlavə avronun dollar qarşısında bahalaşması və yenidən nisbətən ucuzlaşmasından sonra Avropa valyutasının qarşıdakı müddətdəki taleyinə də aydınlıq gətirib: “Bir ay öncə, dollara nisbətdə 1.20-dək bahalaşan avro ötən müddətdə müəyyən qədər ucuzlaşdı. Yenidən oktyabr 11-də 1.186-dək bahalaşan avro dollara nisbətən yenə də cüzi dəyər itirməkdədir. Bu ayın sonunda Avropa Mərkəzi Bankının yığıncağı avro prespektiv məzənnəsinin müəyyənləşdirilməsində həlledici olsa da İspaniyada baş verənlər bu dönərli valyutanın dəyərinə təsir göstərməkdədir”. Ekspert bildirib ki, avrozonanın ən böyük dördlüyündəki ərazi bütövlüyü problemi Avropanın valyuta bazarına təsirsiz ötüşmür. Bütövlükdə isə, növbəti günlərdə avronun məzənnəsi İspaniyada mərkəzi hökümət ilə separatçıları arasında razılıq əldə edilib-edilməsindən asılı olacaq. Potensial razılıq avronun dollara nisbətən 1.18–1.20 ətrafında stabilləşməsinə, qarşıdurmanın davam etməsi isə məzənnənin yenidən 1.16-dək azalmasına gətirib çıxara bilər.
“Manatın taleyi üçün dekabr önəmli aydır”
Azərbaycanın iqtisadi gündəmində son dövrlər yenidən manatın məzənnəsində dəyişikliklərə diqqət artıb. Ekspert manatın məzənnəsinin necə dəyişə biləcəyini də açıqlayıb. O bildirib ki, sentyabr ayında dollara tələb yüksək olmadı. Sentyabrda manatın dəyər itirəcəyi ilə bağlı bir sıra proqnozlara nisbətən əslində ötən ay valyuta bazarı üçün sakit oldu: “Dollara tələbin azalması əslində gözlənilən idi. Ümumiyyətlə, avqustda idxalın artması səbəbindən dollara tələbin yüksəldiyini nəzərə alsaq sentyabrda tələbin azalması gözlənilən idi. Çünki idxalçılar adətən böyük həcmli idxaldan sonra növbəti ay ölkəyə daha az məhsul gətirirlər. Nəticədə, sentyabr ayında Dövlət Neft Fondu valyuta hərraclarında 252,2 mln. dollar məbləğində vəsait satdı. Avqust ayında keçirilən valyuta hərraclarında fond 292,6 mln. dollar satmışdı. Bu isə o deməkdir ki, avqust ayı ilə müqayisədə sentyabrda Fond tərəfindən satılan valyutanın həcmi 13,81% azalıb. Deməli, dollara tələbin azalması müşahidə edilib”.Bununla belə, ekspert hesab edir ki, dekabr ayında dollara tələb yenidən artacaq. Bu idxalın artması, dövlət və yerli müəssisələrin xarici borc öhdəliklərinin yerinə yetirilməsi və eləcə də xarici səfərlərin sayının artması ilə əlaqədardır: “ Manatın məzənnəsi üçün dekabr vacib aylardan hesab edilir. Dollara tələbin artmasının manatın məzənnəsinə necə təsir göstərəcəyi isə birbaşa Mərkəzi Bankın mövqeyindən asılı olacaq”.
“Məhərrəmlikdən sonra qızıl bahalaşacaq”
Qızılın qiymətinə gəlincə, V.Bayramov deyib ki, son 1 ildə dünya bazarında 3.75 faiz bahalaşan qızılın 1 qramı hal-hazırda 42 dollara yaxın təklif edilir. Bu hər unsiyanın qiymətinin 1300 dollar olması deməkdir. Bu gün qızılın hər unsiyasında 2.5 dollar artım qeydə alınıb. Amma hələlik dünya bazarında qızılın qiymətində kəskin artımlar proqnozlaşdırılmır. Məhərrəmlik ayının başlaması ilə bağlı olaraq Azərbaycanın qızıl bazarında durğunluq müşahidə edilir. Bununla belə, güman olunur ki, növbəti ayın ortalarından başlayaraq daxil bazarda qızıla tələb yenidən yüksələcək və bu da qiymət artımlarına gətirib çıxara bilər.
“Əmlak bazarı manatdan aslı olaraq canlana bilər”
Ekspert danışmaz əmlak bazarında qiymətlərlə bağlı məsələyə də aydınlıq gətirib. O bildirib ki, evlərin qiymətinin artması və ya artacağı ilə bağlı açıqlamalara baxmayaraq mənzil bazarında durğunluq davam edir: “Xatırlayırsınızsa yayda avqust ayında mənzillərin qiymətinin artacağı proqnozlaşdırılan zaman bunun real olmadığını yazmışdım. Reallıqda hələlik mənzil bazarında tələb aşağı olaraq qalmaqdadır. Evlərin qiyməti manatın hansı müddət stabil qalmasından birbaşa asılı olacaq. Əgər milli valyutamız ili stabil başa vura bilərsə o zaman gələn ildən mənzil bazarında canlanmanın müşahidə edilməsi mümkündür. Bu halda xarici valyutada olan yığımların bir qisminin daşınmaz əmlak bazarına yönəldiləcəyi gözləniləndir”.
medium.com©