Bu gün Bakıda “Transfer qiymətlərinin müəyyən edilməsi və vergidən yayınma hallarına qarşı tədbirlərin işlənib hazırlanmasında Azərbaycan Respublikası Vergilər Nazirliyinə dəstək” üzrə Tvinninq layihəsinin açılış mərasimi keçirilib.
FED.az xəbər verir ki, vergilər naziri Mikayıl Cabbarov bu layihənin həyata keçirilməsində göstərdiyi dəstəyə görə Avropa İttifaqının nümayəndələrinə minnətdarlığını bildirib. Qeyd olunub ki, Vergilər Nazirliyi milli vergi qanunvericiliyinin və vergi inzibatçılığının təkmilləşdirilməsinə xüsusi önəm verir və bu sahədə mövcud olan qabaqcıl beynəlxalq təcrübənin ölkəmizin vergi sistemində tətbiqinə çalışır: "Vergi sahəsində aparılan islahatlar əlverişli sahibkarlıq və investisiya mühitinin yaradılması, vergitutmanın optimallaşdırılması, vergi sisteminin daha da təkmilləşdirilməsi məqsədinə xidmət edir. Kommersiya əməliyyatlarında vergidən yayınma hallarına yol verilməsi risklərinin qarşısının alınması Vergilər Nazirliyinin fəaliyyətində prioritet istiqamətlər sırasındadır".
Avropa İttifaqının Azərbaycandakı səfiri Kestutis Jankauskas Vergilər Nazirliyi ilə Aİ arasında ikitərəfli əməkdaşlığın mövcud vəziyyəti və perspektiv planları barədə məlumat verib. Qeyd edilib ki, Azərbaycanda onlarla tvinninq layihəsinin icrası uğurla başa çatıb, bəzi layihələr üzrə işlər isə davam etdirilir. Bildirilib ki, “Transfer qiymətlərinin müəyyən edilməsi və vergidən yayınma hallarına qarşı tədbirlərin işlənib hazırlanmasında Azərbaycan Respublikası Vergilər Nazirliyinə dəstək” üzrə Tvinninq layihəsi Aİ ilə Azərbaycan arasında səmərəli əməkdaşlığa daha bir mühüm töhfə olacaq.