Vergilər Nazirliyi vergi ödəyicilərinə sənədləşməni qaydaya salmaq üçün 1 yanvar 2019-cu ilə qədər vaxt verib. Bunu vergilər nazirinin makroiqtisadi və iqtisadi məsələlər üzrə müşaviri Xaqani Abdullayev deyib.
“Sənədləşmələr qaydasında olmadığı təqdirdə, vergi orqanları tərəfindən müvafiq sanksiyalar tətbiq olunacaq. Lakin, müəyyən çətinliklər nəzərə alınaraq, vergi ödəyicilərinə ilin sonunadək vaxt verilir. 1 yanvar 2019-cu ildən bütün vergi ödəyiciləri tam şəffaf fəaliyyət göstərməlidir”, - X.Abdullayev bildirib.
O əlavə edib ki, hazırda vergi ödəyicilərinin qarşısına bir sıra tələblər qoyulub: vergilərin vaxtında və tam ödənilməsi; vergi öhdəliklərinin şəffaflaşdırılması; uçotun dürüst aparılması.
X.Abdullayevin sözlərinə görə, vergi orqanları qarşısında vergi ödəyicilərinə yüksək səviyyədə xidmət göstərmək vəzifəsi durur.
O vurğulayıb ki, nazirlik tərəfindən vergi orqanlarının səlahiyyət və məsuliyyət dairəsi dəqiqləşdiriləcək.
İnterfaks-Azərbaycan