Beynəlxalq Valyuta Fondu koronavirusun dünya ölkələrinə təsiri ilə bağlı 2020-2021-ci illər üzrə proqnozlanını açıqlayıb.
FED.az xəbər verir ki, Fondun Azərbaycan üzrə proqnozu bu il ölkədə iqtisadi geriləmənin olacağını göstərir.
Fondun proqnozlarına görə, bu il Azərbaycanda 2,2% geriləmə baş verəcək. İqtisadi artım gələn il bərpa olunacaq – ildə 0,7%.
Bununla yanaşı, qeyd edək ki, BVF-nin iqtisadi geriləmə ilə bağlı proqnozu digər təşkilatlardan daha optimistdir. Belə ki, bir qədər əvvəl «Fitch» Agentliyi 2020-ci ildə Azərbaycanda ÜDM-nin 4,8% azalacağını, 2021-ci ildə 2,5% təşkil edəcəyini bildirib.
Fondun hesablamalarına görə, iqtisadi geriləmə inflyasiyanı da aşağı səviyyədə saxlayacaq – bu il 3,3%, gələn il isə 3,2% qiymət artımı gözlənilir.
Fondun ən narahat edici proqnozu büdə kəsiri ilə bağlıdır. BVF-nin hesablamasına görə, bu il Azərbaycanda büdcə kəsiri ÜDM-nin 8,2%-nə çatacaq. Gələn il büdcədə vəziyyət bir qədər sabitləşəcək və büdcə kəsiri 3,7%-ə enəcək.
Müqayisə üsün bildirək ki, 2019-cu ildə Azərbaycanın büdcəsində 9% büdcə profisiti yaranmışdı.
Bununla yanaşı, Valyuta Fondu Azərbaycanda baş gözlədiyi problemlərin işsizliyə təsir etməyəcəyi qənaətindədir. Fondun proqnozlarına görə, 2020-2021-ci illərdə də işsizlik səviyyəsi 2019-cu ildəki kimi, 5% səviyyəsində olacaq.