Bu ilin aprel ayında qlobal neft bazarında tarazlıq qazana bilər, bundan sonra neft hasilatının məhdudlaşdırılması ilə bağlı OPEC+ anlaşmasından tədricən çıxmağı müzakirə etmək lazım gələcək.
FED.az xəbər verir ki, "İnterfax" agentliyinin məlumatına görə, bunu Rusiyanın "LUKoil" şirkətinin prezidenti Vahid Ələkbərov Davosda (İsveçrə) keçirilən Dünya İqtisadi Forumunda deyib.
O bildirib ki, bazarda balans yaratmaq üçün normativ kimi hazırda mövcud olan 146 mln. barel artıq neft ehtiyatı qəbul olunmalıdır: "Apreldə yəqin ki, neft bazarı tarazlaşacaq. O zaman nazirlər vəziyyətdən tədricən çıxışı müzakirə etməli olacaqlar. Əminəm ki, OPEC+ nazirləri məsələni müzakirə edərək, ölkə büdcəsini formalaşdırmaq üçün uyğun qiymət səviyyəsində bazarı balanslaşdıracaqlar".
V.Ələkbərovun sözlərinə görə, ötən il dünyada 7 mlrd. barel həcmində neft ehtiyatı aşkar olunub: "Bu rəqəm adətən 20-70 mlrd. dollar təşkil edirdi. Geoloji araşdırmalara investisiyalar xeyli azalıb. Bu da yaxın 3-5 ildə neft məhsullarının qiymətinin kəskin artacağını göstərir. Əgər OPEC+ anlaşmasının müddəti daha 1 il uzadılsa biz investisiya layihələrimizi gözdən keçirməyə məcbur olacağıq".