"Rusiyanın blokadası nəticəsində Ukrayna indi kənd təsərrüfatı məhsullarını dəniz yolu ilə ixrac etmək imkanını itirib və nəticədə təxminən 22 milyon ton taxıl limanlarda qalıb. Xüsusilə Afrika və Asiyadakı istehlakçılara taxılın çatdırılması mümkün deyil. Alternativ quru yolları problemi tam həll etməyəcək, çünki onların ötürmə qabiliyyəti aşağıdır".
Eləcə də bax: Kreml: Rusiya tərəfi Ukraynanın dəmir yolu ilə taxıl ixracına - MANE OLMUR
FED.az xəbər verir ki, bunu Ukraynanın Xarici İşlər Nazirliyinin mətbuat katibi Oleq Nikolenko deyib.
O bildirib ki, Rusiya ordusu dəniz ərazilərini minalayıb, Odessa və Qara dənizdəki digər sahil şəhərlərinin müdafiəsini yarmağa çalışır.
"Rusiyanın hərəkətləri qlobal ərzaq böhranına və bəzi regionlarda aclığa səbəb ola bilər. Rusiya Ukraynanın dəniz limanlarını dərhal blokadadan çıxarmalı, Odessa və digər sahilyanı şəhərləri atəşə tutmağı dayandırmalı, hərbi donanmasını ticarət gəmilərinə hücumu qeyri-mümkün edəcək məsafəyə çıxarmalı və beynəlxalq dəniz naviqasiyasına maneə yaratmamalıdır", Ukrayna XİN-in sözçüsü vurğulayıb.
Mətbuat katibi deyib ki, Ukrayna tərəfdaş ölkələrlə BMT-nin himayəsi altında Ukraynanın kənd təsərrüfatı məhsullarının ixracı üçün dəniz marşrutlarının fəaliyyətini öz üzərinə götürəcək beynəlxalq missiyanın yaradılması yollarını müzakirə edir. "Biz bir sıra ölkələrin Qara dəniz və Azov dənizində təhlükəsizliyin bərpası prosesinə qoşulmağa hazır olmasını alqışlayırıq. İlk addım kimi Rusiya öz qüvvələrini Ukraynanın ərazi sularından çıxarmalı, limanlara və ticarət karvanlarına hücumlara qarşı təhlükəsizlik zəmanəti verməlidir".
Ukrayna XİN-in sözçüsü əlavə edib ki, onun ölkəsi qlobal ərzaq böhranının qarşısını almaq üçün Qara və Azov dənizlərində marşrutları açmaq yollarını axtarmağa sadiqdir. "Rusiyanın Ukraynaya təcavüzündən ərzaq təhlükəsizliyi ən çox zərər çəkə biləcək ölkələri Moskva ilə təmaslarından istifadə edərək, onu Ukrayna dəniz limanlarının blokadasını qaldırmağa və müharibəyə son qoymağa məcbur etməyə çağırırıq". (Apa)