Tver şəhərində Azərbaycanın Rusiyadakı Ticarət Nümayəndəliyinin təşkilatçılığı ilə “Made in Azerbaijan” Rusiya regionlarında” layihəsi çərçivəsində növbəti, ikinci tədbir keçirilib.
FED.az xəbər verir ki, İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) məlumatına görə, tədbirdə Tver vilayətində fəaliyyət göstərən hökumət və biznes təşkilatlarının, Azərbaycan diasporunun, eləcə də ticarət şəbəkələrinin, restoran və mehmanxanaların 70-dək nümayəndəsi üçün Azərbaycan istehsalı olan 20-dən çox məhsulun təqdimatı və dequstasiyası təşkil olunub. Bununla yanaşı, tədbirdə Azərbaycan şərablarının təqdimatı keçirilib, iştirakçılara Azərbaycan şərabları, eləcə də ölkəmizdə şərabçılığın inkişafı barədə ətraflı məlumat verilib.
Əsas məqsədi ölkəmizin qeyri-neft ixracının artırılması olan layihə Azərbaycan məhsullarının Rusiyanın regionlarında tanıdılması və təşviqini, regionlarda fəaliyyət göstərən ticarət şəbəkələrinin Azərbaycan şirkətləri ilə əlaqələndirilməsini və bunun nəticəsi olaraq, ölkəmizdə istehsal olunan məhsulların Rusiyanın regionlarına çıxışının təmin edilməsi ilə Azərbaycandan Rusiyaya ixracın inkişafını hədəfləyir.