Uludağ regionu üzrə tekstil ixracı ittifaqının rəhbəri Nyuvit Gündəmir bildirib ki, Türkiyə 2018-ci ildə xarici ölkələrə 17,6 milyard dollar həcmində tekstil malları satıb ki, bu da 2017-ci ildəki göstəricidən 3,6 faiz çoxdur. FED.az xəbər verir ki, bu məlumatı “Anadolu” agentliyi yayıb.
Eləcə də bax: Türkiyədə bazar «od tutub yanır» - ƏRZAQLARIN QİYMƏTLƏRİ, SİYAHI
N.Gündəmirin sözlərinə görə, bu, son beş ildə Türkiyənin toxuculuq sənayesində əldə olunan ən yüksək göstəricidir. O deyib: “Hazırda Türkiyə dünyanın 210 ölkəsinə və çox sayda azad iqtisadi zonalara tekstil məhsulları ixrac edir. Təqdirəlayiq haldır ki, Türkiyə tekstil sahəsində dünyada ən qabaqcıl yerlərdən birini tutur. Ölkəmizin ümumi ticarət dövriyyəsinin 10 faizindən çoxu məhz tekstil mallarının üzərinə düşür”.
N.Gündəmir “Anadolu” agentliyinin müxbirinə açıqlamasında həmçinin qeyd edib ki, ötən il Uludağ regionunda da tekstil məhsullarının istehsalı və ixracı artıb. Yeri gəlmişkən, Uludağ regionu son illər daha çox pambıq parçadan hazırlanan keyfiyyətli tekstil məhsulları ilə tanınır.