Bu ilin yanvar-iyul aylarında Türkiyə xarici ölkələrlə 360 milyard 114 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb.
FED.az xəbər verir ki, bu barədə qonşu ölkənin Statistika Təşkilatı və Ticarət Nazirliyinin birgə məlumatında bildirilir.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,7 % çoxdur.
7 aylıq xarici ticarət dövriyyəsinin 143 milyard 287 milyon ABŞ dolları ixracın, 216 milyard 827 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 0,7 % azalıb, idxal isə 5 % artıb.
Təkcə iyul ayında isə Türkiyənin xarici ticarət dövriyyəsinin dəyəri 52 milyard 373 milyon ABŞ dolları olub ki, bu da 1 il əvvələ nisbətən 9,6 % çoxdur.
Hesabat dövründə Türkiyənin ixracının dəyəri 8,3 % artaraq 20 milyard 78 milyon ABŞ dollarına, idxalının dəyəri isə 10,5 % artaraq 32 milyard 295 milyon ABŞ dollarına çatıb.
Son nəticədə 1 aylıq xarici ticarətdə 12 milyard 217 milyon ABŞ dolları, 7 aylıq xarici ticarətdə isə 73 milyard 539 milyon ABŞ dolları kəsir yaranıb. Bunlar da illik müqayisədə müvafiq olaraq 14,2 % və 18,1 % çoxdur. (Report)