Türkiyə Nazirlər Kabinetinin qərarı ilə Naxçıvan Muxtar Respublikasında istehsal edilən və ya istehsal potensialı olan 43 adda məhsulun (13 kənd təsərrüfatı, 30 sənaye məhsulu) Türkiyənin bütün ərazisinə idxal rüsumu ödəmədən, güzəştli şərtlərlə daxil olmasına razılıq verilib. FED.az xəbər verir ki, bu barədə Türkiyənin İğdır şəhərində keçirilən Türkiyə-Azərbaycan biznes forumunda Türkiyənin İqtisadiyyat naziri Nihat Zeybekci bildirib. Onun sözlərinə görə, bu qərar əsasında Naxçıvan MR-da istehsal olunan illik təqribən 100 milyon ABŞ dolları məbləğində məhsullar Türkiyəyə rüsum ödəmədən ixrac ediləcək.
Forumda Azərbaycanı təmsil edən iqtisadiyyat naziri Şahin Mustafayev bildirib ki, Azərbaycanda Türkiyə sərmayələri əsasında 3 mindən çox, Türkiyədə isə Azərbaycan investisiyalı 2 minə yaxın şirkət fəaliyyət göstərir. Türkiyənin Azərbaycana investisiyaları 11,7 milyard ABŞ dolları, Azərbaycanın Türkiyəyə investisiyaları isə 10,1 milyard ABŞ dollarıdır.
Hazırda iki ölkə arasında Preferensial Ticarət Sazişi üzrə müzakirələr aparılır. Bu sazış malların Türkiyə və Azərbaycana güzəştli şəkildə ixracın imkan yaradacaq.