Bu ilin ilk 4 ayının yekunlarına görə, Azərbaycanın qeyri-neft məhsullarının 34,2 faizi qardaş Türkiyəyə ixrac edilib. Uzun müddət ölkəmizin qeyri-neft ixracatında birinci olan Rusiya 24,0 faiz payla ikinci sıraya enib.
Azərbaycan iqtisadiyyatı - 1 %-Ə YAXIN BÖYÜYÜB
FED.az xəbər verir ki, bu barədə iqtisadçı-ekspert Vüqar Bayramov məlumat verib.
O bildirib ki, bütövlükdə, 2023-cü ilin yanvar-aprel aylarında qeyri neft-qaz məhsullarının ixracı əvvəlki ilin eyni dövrü ilə müqayisədə faktiki qiymətlərlə 21,2 faiz, real ifadədə 17,5 faiz artaraq 1 milyard 187 milyon dollar olub. Qeyri neft-qaz məhsulları üzrə ixracatımızda Türkiyə və Rusiya ilə yanaşı, Gürcüstan (12,0 faiz), İsveçrə (4,1 faiz), Qazaxıstan (2,9 faiz), Türkmənistan (2,3 faiz), Ukrayna (2,3 faiz), İtaliya (1,6 faiz), Belçika (1,5 faiz), Özbəkistan (1,3 faiz), Rumıniya (1,3 faiz), Almaniya (1,1 faiz), Çin (1,1 faiz), Birləşmiş Ərəb Əmirlikləri (1,1 faiz) ticarət tərəfdaşlarımızdır.
“Azərbaycanla Türkiyə arasında strateji əlaqələrin son illər daha da güclənməsi müşahidə olunur. Artıq iki ölkə arasında ticarət dövriyyəsi 6 milyard dollardan çoxdur. Hədəf yaxın illərdə ticarət dövriyyəsini 10 milyard dollara qədər artırılmasıdır”, - deyə ekspert qeyd edib. (Azərtac)