İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) Türkiyənin 9 000-dən çox milli standartının rəsmi nəşrlərini ölkə ərazisində yaymaq hüququ əldə edib.
FED.az biznes və maliyyə xəbərləri portalı Report-a istinadən xəbər verir ki, qurumdan verilən məlumata görə, bu məsələ iki ölkə arasında strateji tərəfdaşlıq əlaqələri çərçivəsində, Türk Standartları İnstitutu (TSE) razılaşdırılıb.
"Türkiyənin beynəlxalq tələblərə cavab verən milli standartlarının Azərbaycanda tətbiqi, insanların həyat və sağlamlığının, ətraf mühitin və əmlakın mühafizəsi və digər önəmli sahələrdə həyata keçirilən tədbirlərin icrasına töhvə verəcək. Eyni zamanda, standartların tətbiqi ölkə ərazisində mala (işə, xidmətə), onunla əlaqəli prosesə (o cümlədən idarəetmə sisteminə) və istehsal metodlarına dair norma, qayda və tövsiyələrin, habelə standartlaşdırma obyektlərinin təhlükəsizliyi və keyfiyyətinə dair minimum tələblərin müəyyən edilməsi məqsədilə qəbul olunan normativ sənədlərin hazırlanması və təkmilləşdirilməsi fəaliyyətlərində istifadə olunacaq, keyfiyyət infrastrukturunun inkişafına xidmət edəcək.
Hər iki ölkənin dövlət qurumları qarşılıqlı təcrübədən faydalanmaq, ticarəti asanlaşdırmaq üçün standartlaşdırma, uyğunluğun qiymətləndirilməsi (sınaq, yoxlama, sertifikatlaşdırma və s.), təlimlər və digər sahələrdə ikitərəfli əməkdaşlığın gücləndirilməsi məqsədi ilə fəaliyyətlərini daha fəal şəkildə davam etdirəcəklər", - deyə Dövlət Xidməti bəyan edib.