İqtisadiyyat Nazirliyinin kollegiyasının qərarı ilə “Azərbaycan Respublikası Vergi Məcəlləsində nəzərdə tutulmuş bir sıra sənəd formalarının və qaydaların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Vergilər Nazirliyinin kollegiyasının 2017-ci il 27 yanvar tarixli qərarında dəyişiklik edilib.
Bu barədə FED.az-a qurumdan bildirilib. Məlumata görə, beynəlxalq vergitutma sahəsində dəyişən tendensiyaların nəzərə alınması, beynəlxalq vergitutma prinsiplərinin tətbiq edilməsi, transfer qiymətləri ilə bağlı aparılan sövdələşmələrin beynəlxalq standartlara uyğunluğunun təmin olunması, xüsusilə də İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (İƏİT) Vergitutma Bazasının Aşınması və Mənfəətin Köçürülməsi (BEPS) üzrə Fəaliyyət planlarından irəli gələn məsələlərin adıçəkilən Qaydalarda təsbit edilməsi və transfer qiyməti üsulunun əvvəlcədən müəyyənləşdirilməsi yanaşmasının təkmilləşdirilməsi məqsədilə “Transfer qiymətlərinin müəyyən edilməsi və tətbiqi qaydaları”nda dəyişikliklər edilib. Dəyişikliklər, həmçinin, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” 2021-ci il 3 dekabr tarixli Qanunun tətbiqi, habelə həmin qanunun tətbiqi ilə əlaqədar bir sıra məsələlərin tənzimlənməsi barədə ölkə Prezidentinin 2021-ci il 29 dekabr tarixli fərmanının icrasını təmin etmək məqsədini daşıyır.