ABŞ prezidenti Donald Trampın təxminən 60 ölkəyə elan etdiyi gömrük rüsumları bu gün səhər saatlarında qüvvəyə minib. Tariflər 10%-50% aralığındadır.
Tramp Azərbaycana da gömrük rüsumu - TƏTBİQ ETDİ
FED.az xəbər verir ki, Çinin cavab tədbirindən sonra Tramp ölkəyə əlavə 50 faizlik gömrük rüsumunu elan edib. Belə ki, Çindən idxal olunan məhsullara tətbiq olunacaq gömrük rüsumunun dərəcəsi bu gün səhər saatlarında 104% olaraq qüvvəyə minib.
ABŞ prezidenti tariflərin qüvvəyə minməsinə qədər vaxtını ABŞ müttəfiqləri ilə danışıqlara sərf edib. Çərşənbə axşamı Asiya və Avropa liderləri Ağ Evlə danışıqlar aparmaq planlarını açıqlayıblar. Tramp və yüksək səviyyəli administrasiya rəsmiləri də ABŞ-ın tarifləri azalda və ya ləğv edə biləcək sövdələşmələrə açıq olduğuna işarə ediblər.
Çinin ABŞ-ın 34% rüsumuna cavab verməsini "səhv" olaraq xarakterizə edən Tramp, "Çin razılaşmaq istəyir, lakin bunu necə başlayacaqlarını bilmirlər. Onların çağırışını gözləyirik. Bu baş verəcək!", deyib.
Tramp, prezident səlahiyyətlərini icra edən Han Duck-soo ilə telefon danışığında Cənubi Koreya ilə ticarət razılaşmasının perspektivlərinin “yaxşı göründüyünü” və Yaponiya rəsmilərinin danışıqlar üçün ABŞ-a gələcəyini bildirib. ABŞ prezidenti əlavə edib ki, son bir həftə ərzində danışıqlar tələb edən 70-ə yaxın ölkə ilə ticarət sazişləri üzrə danışıqlara hələ vaxt lazımdır. Digər tərəfdən, ABŞ prezidenti dərmanlara gömrük rüsumlarını yaxın vaxtlarda elan edəcəyini açıqlayıb.
Aprelin 2-sində ABŞ prezidenti Donald Tramp yeni tarifləri açıqlayıb. ABŞ-ın digər ölkələrə qarşılıqlı şəkildə tətbiq etdiyi gömrük vergilərinin (tariflər, rüsumlar - red) dərəcələri 10% - 50% civarında dəyişir. Dərc edilən siyahıya görə ən yüksək tarif Lesotoya (50%), Kambocaya (49%), Laosa (48%), Madaqasqara (48%), Vyetnama (46%), Şri-Lankaya (44%) və Myanmara (44%) tətbiq edilir. Siyahıya əsasən Azərbaycan ABŞ-ın 10% gömrük vergisi tətbiq edəcəyi ölkələr siyahısındadır. Qeyd edilib ki, Azərbaycan ABŞ-a 10% vergi tətbiq etdiyi üçün, ABŞ da Azərbaycana 10% vergi tətbiq edir. (Marja)