Birləşmiş Ştatların yeni seçilmiş prezidenti Donald Trampın vəzifəsinin icrasına başlamasını bütün dünya maraqla gözləyir.
Neft sektoru isə ABŞ-ın keçmiş və gələcək prezidentini ikiqat həyacanla izləyir. FED.az xəbər verir ki, Tramp öz seçki qabağı vədlərində cəmi bir il içərisində neftin qiymətini ikiqat ucuzlaşdıracağını, qiymətləri təqribən 40 dollara endirəcəyini bildirib.
Azərbaycanda özəlləşdirmə çeklərii hələ də saxlayanların nəzərinə - ÇEKLƏRLƏ BAĞLI QƏRAR VERİLDİ
Sumqayıtda və Lənkəranda ucuz mənzillərin - SATIŞI BAŞLAYIB – QİYMƏTLƏR
Bayramqabağı bölgələrdə günlük kirayə evlərdə və kotteclərdə gecələmək neçəyə başa gəlir? - VİDEO
Prezident bildirib ki, enerjidaşıyıcıları əlçatan olmalıdır, bu istehlakçılar, məsələn sürücülər üçün yaxşı xəbər olsa da, neft şirkətləri və ölkələri üçün olduqca xoşagəlməz siqnaldır.
Tramp və onun komandasının hakimiyyətə gəlməsi neft sektoruna böyük problemlər yaratmalıdır. Hər halda neft şirkətləri qiymətlərin aşağı düşəcəyini gözləyir. Xatırladaq ki, hazırda dünya bazarında neftin qiyməti 70-72 dollar arasında dəyişir, o cümlədən Azərbaycan neftinin qiyməti büdcədə göstərilən hədd – 75 dolların ətrafında dayanıb.
Trampın seçki qabağı şüarlarından biri «Drill, baby, drill!» idi, yəni harada imkan varsa neft quyusu qazılmağa icazə veriləcək. Prezident neft sektoru üçün məhdudiyyətləri aradan qaldırmağı, üstəlik onlarv daha çox neft çıxarmağa həvəsləndirməyi planlaşdırır.
Məsələ bundadır ki, ABŞ-ın özündə də böyük neft yataqları var və Tramp hətta qeyd edib ki, bu ehtiyatlar Rusiya və Səudiyyə Ərəbistanından daha çoxdur. Bu ilin mayında Tramp ABŞ-ın 20 neft şirkətinin, o cümlədən «Chevron», «Exxon» və «Occidental Petroleum»un rəhbərləri ilə görüşdə bildirib ki, neft hasilatı ilə bağlı indiyədək mövcud olan bütün maneələri aradan qaldıracaq, yən Meksika körfəzində və Alyaskanın Arktika hissəsində neft hasil etməyə icazə verəcək, üstəlik avtomobillərin havanı çirkləndirməsi ilə bağlı tətbiq edilmiş qaydaları ləğv edəcək, Baydenin təbii qazın sıxılması ilə bağlı tətbiq etdiyi məhdudiyyətləri də ləğv edəcək.
FED.az xəbər verir ki, bu bazara böyük həcmdə yeni neft axınları təmin edəcək ki, nəticədə qiymətlərin enməsi qaçılmaz olacaq. Xatırladaq ki, son illər neftin qiyməti sabit olaraq 50-60 dollardan yüksəkdir. Hətta Ukraynaya hücum etdiyinə görə Qərbin Rusiyaya tətbiq etdiyi sanksiyalarda da neftin 60 dollaradək satışına icazə verilirdi.
Son illər neft yalnız bir dəfə belə kəskin azalıb – pandemiya dövründə, koronavirusun yayıldığı ilk həftələrdə yaranan şok səbəbindən neft 30-40 dollara, həttə mənfi qiymətlərə enmişdi.
Neftin bu dəfə də kəskin ucuzlaşması neft ölkələrinin, valyutaları, ilk növbədə Rusiya rublu üçün böyük təhlükə yarada bilər. Ekspertlərin fikrincə, bu qiymətlərdə Rusiyada dolların səzənnəsi 120-150 rubla yüksələ bilər.
Qeyd edək ki, neftin kəskin ucuzlaşması Azərbaycana da təsirini göstərə bilər.
Azərbaycanın əsas gəlirləri neftdən formalaşır – ölkənin xaricə ixracının 90%-i neftin hesabınadır, eləcə də büdcə gəlirlərinin təqribən 50%-i neft sektorunun payına düşür. Bura həm Neft Fondundan büdcəyə edilən transfertlər, həm də neft sektorundan vergi daxil olmaları aiddir.
Son illər Azərbaycan neftdən asılılığını azaltmağa çalışır və buna müəyfən qədər nail olur, amma hələ də ölkə iqtisadiyyatı neftdən kəskin asılıdır. Bu mənada dünya bazarında neftin qiyməti Azərbaycan iqtisadiyyatı üçün həssas məsələdir.
Doğrudur, 2025-ci il üzrə dövlət büdcəsi pronozlarında neftin bir barelinin qiyməti 2024-cü ildəki kimi 75 dollardan deyil, nisbətən ehtiyatla - 70 dollardan götürülüb.
Hazırda Milli Məclisdə baxılacaq Dövlət büdcəsi layihəsinə əsasən büdcə parametrləri neftin 70 dollarlıq qiyməti əsasında hesablanıb.
Bəs Tramp vədinə əməl edib nefti 40 dollara endirsə, və ya ümumiyyətlə gələn il neft kəskin ucuzlaşsa, büdcədə hansı çətinlik yarana bilər?
Qeyd edək ki, dövlət büdcəsində neftin 40 dollar və bu səviyyələrə çatması nəzərdə tutulmayıb. Məsələ bundadır ki, Tramp bu vədi açıqlayanda hələ prezident deyildi, onun seçilib seçilməyəcəyi bilinmirdi, büdcə parametrləri isə artıq məlum idi.
Hökumət neftin qiyməti ilə bağlı proqnozlarında beynəlxalq təşkilatların proqnozlarına arxayındır. Bu proqnozlara görə, 2025-də neftin orta qiyməti 76-88 dollar arasında olacaq.
Beynəlxalq Valyuta Fondu 2025-ci ildə neftin 76,4 dollar, Dünya Bankı 79 dollar, ABŞ-ın Enerji İnformasiya Administrasiyası (EİA) isə 88 dollar olacağını proqnoz edib. Bu proqnozlar bu ilin iyun-iyulunda verilib.
“Geosiyasi risklərin davam etməsi və OPEC+ ölkələrinin neft hasilatının azaldılması nəticəsində Dünya Bankının proqnozlarına əsasən 2024-cü illin sonuna “Brent” markalı xam neftin bir barelinin dünya bazarında orta satış qiyməti ötən illə müqayisədə cüzi artımla 84,0 ABŞ dolları səviyyəsində, qeyri-OPEC ölkələrində artan xam neft hasilatı ilə növbəti ildə isə 79,0 ABŞ dolları səviyyəsində olması gözlənilir”-deyə proqnozlarda deyilir.
ABŞ-ın Enerji İnformasiya Administrasiyasının iyul hesabatına əsasən Yaxın Şərq regionunda münaqişələrin davam etməsi və Qırmızı dəniz ətrafında gəmilərə hücum ehtimalının mövcudluğu səbəbindən qlobal neft nəqlində yaranan maneələr xam neft qiymətlərinə artırıcı təsir edən əsas amillər olmuşdur. Hesabata əsasən 2025-ci ildə xam neftin bir barelinin orta satış qiyməti 88,0 ABŞ dolları proqnozlaşdırılır.
Azərbaycanın İqtisadiyyat Nazirliyi tərəfindən cari ilin avqust ayında təqdim olunan proqnozlara əsasən isə baza ssenaridə neftin bir barelinin orta illik ixrac qiyməti 2025-ci il üçün 70 dollar və 2026-2028-ci illər üçün 65 dollar fərz edilib. Nazirliyin fərziyəsinə görə, təbii qazın min kubmetrinin orta illik ixrac qiyməti baza ssenaridə 2025-ci il üzrə 242 dollar, 2026-2028-ci illər üzrə isə 236 dollar olacaq.
Bu ilin özündə neftimizin orta qiyməti 86 dollardan yuxarı olub. 2024-cü ilin yanvar-iyun aylarında “Azeri Light” markalı xam neftin bir barelinin orta ixrac qiyməti 86,5 ABŞ dollarına bərabər olub ki, bu da bu ilin büdcəsindəki 75 dollardan 10 dollar artıqdır.
Neftin qiyməti ilə bağlı risklərin olduğunu hökumət də yaxşı təsəvvür edirlər. Hökumət 2025-ci ildə neft gəlirlərinin azalmasına büdcə üçün aktual risklər siyahısına daxil edib. Büdcə ilə bağlı açıqlamada isə deyilir ki, «neft-qaz sektorunun dövlət büdcəsi gəlirlərində və ixrac daxilolmalarında xüsusi çəkisinin hələ də yüksək olması neft-qaz qiymətlərinin aşağı düşməsi və hasilatın azalması risklərinin hər zaman nəzərə alınmasını tələb edir. Bu baxımdan, hal-hazırda dünyada gedən geosiyasi proseslər və iqtisadi trendlər fonunda enerji daşıyıcılarının qiymətinin dəyişməsinin icmal və dövlət büdcəsinə mümkün təsirlərinin təhlili xüsusi əhəmiyyət kəsb edir».
Bu vəziyyəti nəzərə alaraq hökumət 2025-2028-ci illərdə neftin qiymətinin dəyişməsi ilə bağlı müxtəlif qiymət ssenariləri hazırlayıb.
Həmin ssenarilərə əsasən baza ssenari olaraq neftin qiyməti 2025-ci ildə 70 dollar, 2026-2028-ci illərdə isə 65 dollar götürülüb. Yəni bu Azərbaycan iqtisadiyyatı üçün neftin normal qiymətidir. Optimist ssenari isə neftin 2025-ci ildə 80 dollar, 2026-2028-ci illərdə isə 75 dollar olmasıdır. Bu halda büdcənin və Neft Fondunun gəlirləri gözləniləndən daha artıq olacaq. Hökumətin pessimist adlandığdığı ssenaridə isə neftin qiyməti 2025-ci ildə 60 dollar, 2026-2028-ci illərdə isə 55 dollardır.
Göründüyü kimi neftin artıq 60 dollara düşməsi hökumətin fikrincə mənfi haldır və bu pessimist ssenari kimi qiymətləndirilir.
Hökumətin hesablamalarına görə, 2025-ci ilin büdcəsində büdcə üçün - Neft Fondundan ayrılan transfer məbləği istisna olmaqla – neftin qiymətinin optimist və pessimist variantları arasındakı məbləğ fərqi 700 milyon manatdır.
Belə ki, baza qiymətində neft sektorundan büdcəyə 4,3 milyard manat vəsait daxil olacaq. Optimist ssenaridə bu məbləğ 4,7 milyard manata yüksələ, pessimist ssenaridə isə 4 milyard manata enə bilər.
«Neft-qaz sektorunda hasilat proqnozları nəzərə alınmaqla, dövlət büdcəsinin neft-qaz gəlirlərinin 2025-ci ildə baza ssenariyə nəzərən pessimist ssenaridə 0,3 milyard manat az, optimist ssenaridə isə 0,4 milyard manat çox olacağı gözlənilir»-deyə hökumətin büdcə ilə bağlı təqdimatında bildirilir.
Oxşar vəziyyət, yəni büdcənin həcminin nefytin qiymətindən asılılığı icmal büdcənin gəlirlərində də göstərəcək. Belə ki, hökumətin proqnozuna görə, 2025-ci ildə neftin baza qiymətində (70 dollar) icmal büdcənin gəlirləri 43,9 milyard manat olacaq. Neft 80 dollara qalxsa (optimist ssenari) icmal büdcənin gəlirləri 46,1 milyard manat olacaq – yəni baza variantından 2,2 milyard manat daha artıq. Neft 60 dollara endikdə isə (pessimist ssenari) icmal büdcənin gəlirləri 41,8 milyard manat olacaq. Başqa sözlə, neftin qiymətinin 60-80 dollar arasında, yni 20 dollar dəyişməsi, özünü icmal büdcənin gəlirlərində 4,3 milyard manat olaraq göstərəcək.
Neftin qiymətinin dəyişməsi Azərbaycanın əsas «pul qabısı» olan Neft Fondunun ehtiyatlarında da özünü göstərəcək. Proqnozlara görə, Neft Fondu 2025-ci ilə 57,1 milyard dollar ehtiyatla başlayacaq. Maraqlıdır ki, 3 ssenarinin 2-sində Fondun ehtiyatları azalmağa doğru gedəcək. Belə ki, neftin qiyməti nəinki pessimist, hətta baza ssenaridə olduqda belə Fondun ehtiyatlarında azalma baş verəcək. Sadəcə pessimist variantda azalma daha sürətli olacaq.
Beləliklə, proqnozlara görə, əgər 2025-ci ildə problem olmasa, yəni neftin qiyməti 70 dollar ətrafında dəyişsə, Neft Fondunun ehtiyatları bir il ərzində 200 milyon dollar azalaraq 56,9 milyard dollara enəcək. Neft optimist ssenaridə 80 dollara satılsa, Neft Fondunun ehtiyatları 57,9 milyard dollara qalxa bilər.
Əksinə, qiymətlər 60 dolara düşsə, Neft Fondunun ehtiyatları il ərzində 1,2 milyard dollar azalaraq 55,9 milyard dolara düşəcək.
Yeri gəlmişkən, qonşu Rusiyanın dövlət büdcəsində də neftin qiyməti baza ssenaridə 69 dollar, pessimist variantda isə 60 dollar götürülüb.
Göründüyü kimi, strateji məhsul olan neftin qiymətinin dəyişməsi digər neft ölkələrində olduğu kimi, Azərbaycan iqtisadiyyatına da ciddi təsir edə, hətta iqtisadi mənzərəni kəskin dəyişə bilər.
Söhbət qiymətlərin kəskin artımı, milli valyutanın dollar qarşısında dəyər itirməsi, şirkətlərin iflası, əhalinin gəlirlərinin azalması, alıcılıq qabiliyyətinin aşağı düşməsi kimi hallardan gedir.
Bununla yanaşı, bəzi ekspertlərin fikrincə, Trampın nefti 40 dollara endirməsi ideyası ilk növbədə ABŞ-a zərər vuracaq, çünki ABŞ-da istehsal olunan şist neftinin maya dəyəri daha yüksəkdir. Məhz bu səbəbdən 2020-ci ildə neft qısa müddətli ucuzlaşanda belə, ABŞ-da neft şirkətlərinin müflisləşməsi baş verdi.