ABŞ Prezidenti Donald Tramp əvvəllər FED-in işinə qarışmayacağını bəyan etsə də, Federal Ehtiyat Sistemini (FED) yenidən faiz dərəcələrini azaltmağa çağırıb, hətta bu mövzuda FED-i təhdid edib.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, Tramp elan edib ki faizlər endirilməsə, ABŞ xarici ticarətdə mənfi saldosu olan ölkələrlə ticarəti dayandıracaq. ABŞ prezidenti bu barədə “Truth Social” hesabında paylaşım edib və FED-ə, eləcə də qurumun yeni rəhbərinə müraciət edib.
“Faiz dərəcələrini aşağı salın, çünki ABŞ çox qısa müddət əvvəllə müqayisədə daha güclü kredit profilinə malikdir. Güclü ölkə daha aşağı faiz dərəcəsi, daha yaxşı kredit qabiliyyəti deməkdir. Çox sadədir!”, – Tramp bildirib.
ABŞ Prezidenti hesab edir ki, ölkəsi dünyada ən aşağı faiz dərəcələrindən birinə malik olmalıdır.
Tramp bəyan edib ki, ABŞ digər ölkələrin böyük ticarət profisiti əldə etməsinə imkan verməsəydi, həmin ölkələr maliyyə baxımından “elit” hesab olunmazdılar.
“Faizi endirin, yoxsa ticarət kəsiri verdiyimiz ölkələrlə ticarəti dayandıraram”, – Tramp qeyd edib.
Onun sözlərinə görə, ABŞ Ali Məhkəməsi gömrük tarifləri ilə bağlı qərarında Prezidentin belə addım atmaq hüququnun olduğunu qəbul edib.
Tramp ticarətin dayandırılması variantını gömrük tariflərindən daha effektiv üsul kimi təqdim edib.
Tramp FED rəhbərliyini də sərt tənqid edib:
“FED yeni rəhbəri ilə birlikdə ağıllı davranmalı və heç olmasa bir dəfə vətənpərvərlik etməlidir. Yüksək faiz dərəcələri ABŞ-ı çox ədalətsiz şəkildə əlverişsiz vəziyyətə salır və mən buna imkan verməyəcəyəm”.
Qeyd edək ki, Tramp FED-in əvvəlki rəhbəri Cerom Paueli də dəfələrlə faiz dərəcələrini azaltmağa çağırmışdı.
Trampın açıqlaması pul siyasəti ilə ticarət siyasətini birbaşa əlaqələndirən olduqca sərt yanaşmadır. Prezidentin mesajının mahiyyəti budur ki, ABŞ-ın güclü iqtisadi və kredit mövqeyi daha aşağı faizlərlə müşayiət olunmalıdır və yüksək faizlər Amerika şirkətlərinin beynəlxalq rəqabət qabiliyyətinə mənfi təsir göstərir.
Lakin FED-in faiz qərarları ənənəvi olaraq inflyasiya, əmək bazarı və iqtisadi aktivlik göstəricilərinə əsaslanır. Trampın açıqlaması isə mərkəzi banka siyasi təzyiq müzakirələrini yenidən gücləndirə bilər.
Bəyanatın ikinci diqqətçəkən tərəfi ticarət kəsiri verilən ölkələrlə ticarətin dayandırılması təhdididir. Bu yanaşma həyata keçirilsəydi, tarif artımından daha radikal ticarət məhdudiyyəti anlamına gələrdi və qlobal ticarət axınlarına ciddi təsir göstərə bilərdi.













