ABŞ-ın dəmir və alüminium idxalına tətbiq etməyə planlaşdırdığı əlavə vergilər ölkədəki avtomobil qiymətlərini yüksəldəcək. Bununla bağlı ilk xəbərdarlı "Toyota" tərəfindən edilib.
Dünyanın ən böyük dəmir idxalçısı olan ABŞ, dəmir idxalına 25 faiz və alüminium idxalına 10 faiz əlavə vergi qoymağı planlaşdırır. ABŞ hər il ölkədə istifadə edilən 100 milyon ton dəmirin üçdə birini, 5.5 milyon ton alüminiumun isə hamısına yaxınını idxal edir.
FED.az xəbər verir ki, ABŞ Prezidenti Donald Trump, sözügedən planı dəqiqləşdirmək üçün ABŞ-ın dəmir və alüminium sənayesi rəhbərlərini iclasa çağırıb. ABŞ-ın dəmir və alüminium istehsalçıları qərarı dəstəkləyirlər. Dəmir və alüminiumun intensiv istifadə edildiyi sektorlarda isə qiymət artımı qaçılmaz görünür.
AVTOMOBİL ÜÇÜN MƏNFİDİR
Bununla bağlı ilk siqnal avtomobil nəhəngi Toyota-dan verilib. Toyotadan verilən açıqlamada, idxal dəmir və alüminiuma tətbiq ediləcək əlavə vergilərin xərcləri və bu səbəbdən avtomobillərin satış qiymətini qaldıracağı qeyd olunub.
Açıqlamada, "ABŞ rəhbərliyinin bu qərarı avtomobil istehsalçılarına, dilerlərə və istehlakçılara mənfi təsir edəcəkdir" deyilir.
ABŞ rəhbərliyinin əlavə vergilərlə bağlı qərarını gələn həftə ərzində rəsmən açıqlaması gözlənilir.
ABŞ dəmir idxalını ən çox Kanada, Braziliya və Cənubi Koreyadan edir.