“Bunu özümüz də asanlıqla istehsal edə bilərik”. FED.az xəbər verir ki, bu sözləri kənd təsərrüfatı naziri Heydər Əsədov Nazirliyin geniş kollegiya iclasındakı çıxışında deyib. O, bildirib ki, ölkəyə taxıl idxalı 2016-cı ildə 1,6 milyon, keçən il isə təxminən 1,2 milyon ton olub:
“Taxıl idxalı üçün təxminən 227 milyon vəsait xərclənir. Bu, böyük rəqəmdir. İdxal olunan taxılın təxminən 37%-i 1-3-cü sinif taxıllardır. Lakin digər növ taxıllar texniki təyinatlıdır. Bunu özümüz də asanlıqla istehsal edə bilərik. Bu işin təşkili, texniki təminat üçün müəyyən işlər görülüb.”
Nazir qeyd edib ki, “Aqrolizinq”in rəhbərliyi və onun yerli qurumları texnikaların, o cümlədən taxıl kombaynlarının düzgün mədaxili məsələsinə xüsusi diqqət yetirməlidir:
“Texnikanın idarə edilməsində sürücülər müəyyən çətinliklər çəkirlər. Bu maşınlar kimlərə verilibsə, yaxud veriləcəksə, indidən treninqlər, kurslar təşkil olunmalıdır ki, problem olmasın”.