Trans-Adriatik Qaz Boru Kəməri (TAP) layihəsinin Albaniyadan keçən hissəsində aparılan tikinti işləri zamanı qədim yaşayış məskəninin izləri aşkarlanıb. Qalıqlar Korçe vilayətinin Turan kəndi ərazisində tapılıb.
TAP-ın ekspertlərinin qiymətləndirməsinə əsasən, tapılan əşyalar eramızdan əvvəl X-IX əsrlərə məxsusdur.
Layihənin podratçı tikinti işlərini dərhal dayandırıb. Tapıntılar barədə Albaniyanın Arxeoloji Xidmət üzrə Agentliyinə məlumat verilib. Hazırda alban arxeoloqlar tərəfindən ərazidə qazıntı işləri aparılır.
Bildirilir ki, tikinti işləri azı 1 ay yubanacaq.
TAP-ın tarixi irs üzrə baş məsləhətçisi Nil Ferbern bildirib ki, konsorsium tarixi və mədəni irsin qorunmasına olduqca böyük əhəmiyyət verir.
Qeyd edək ki, TAP layihəsi Avropa Birliyinin enerji təhlükəsizliyi və enerji mənbələrinin diversifikasiyasına görə strateji məqsədlərində əsas rolu oynayır. Təbii qazın Azərbaycandan Avropa bazarlarına ixracının ən qısa və birbaşa marşrutunu TAP təşkil edir. TAP layihəsi üzrə Albaniya, İtaliya və Yunanıstan arasında "Hökumətlərarası Saziş" 2013-cü ilin fevral ayında imzalanıb. Borunun uzunluğu 878 km təşkil edir. Onun fəaliyyətə başlama tarixi kimi 2020-ci ilin yanvar ayı göstərilir.
TAP-ın ilkin illik daşıma qabiliyyəti 10 mlrd. kubmetrdir (illik 20 mlrd. kubmetrədək artırıla bilər).
Layihə üzrə hazırkı pay bölgüsü: "Cənub Qaz Dəhlizi" QSC - 20%, BP - 20%, "Snam" - 20%, "Fluxys" - 19%, "Enagás" - 16%, "Axpo" - 5%.