Fevralın 12-də ənənəvi keçirilən “CEO Lunch” tədbirinin qonağı “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin baş direktoru Taleh Ziyadov olub.
Eləcə də bax: Bakı Limanı son - 28 İLİN REKORDUNU VURDU - FOTO
FED.az xəbər verir ki, “Caspian European Club”dan bildirilib ki, 100-dək yerli və xarici qonağın, diplomatik nümayəndələrin qatıldığı tədbirdə çıxış edən baş direktor 2019-cu ilin liman üçün uğurlu il olduğunu və bir neçə əlamətdar hadisə ilə yadda qaldığını qeyd edib. İlk olaraq, 2019-cu ildə təkərli texnika və konteyner aşırılması üzrə son 28 ilin rekord göstəricisi qeydə alınıb. Belə ki, ötən il yükaşırmanın həcmi 2018-ci ilə (3 milyon 787,8 min ton) nisbətən 7,2 faiz artaraq 4 milyon 61,6 min ton olub. 2019-cu ildə 35 min 152 TEU konteyner aşırılıb ki, bu da öz növbəsində 2018-ci il ilə müqayisədə 54 faiz artım deməkdir (2018-ci ildə isə bu rəqəm 22 min 887 TEU təşkil edib). TIR-lar da daxil olmaqla, təkərli texnikanın aşırılmasında 57 faiz artım qeydə alınıb və 33 min 671 təkərli texnika aşırılıb. 2019-cu il oktyabrın 16-da Bakı Limanı Avropa Dəniz Limanları Təşkilatının PERS - "EcoPorts" sertifikatına layiq görülüb. Bununla da, Bakı Limanı Xəzər dənizi bölgəsində PERS – “EcoPorts” sertifikatını alan ilk liman olub.
T.Ziyadov qeyd edib ki, Bakı Limanı üçün “EcoPort” olmaq yaşıllığa və davamlı gələcəyə həqiqi inam təcəssüm etdirir. Bakı Limanının adı çəkilən sertifikatı alması liman əməkdaşları və Avropa tərəfdaşları tərəfindən son üç ildə aparılan məqsədyönlü işin nəticəsidir. Ətraf mühitin qorunması və ekologiyaya yönəlik siyasəti ilə Bakı Limanı bölgədəki digər limanlara nümunə olmaqda davam edəcək”.
O, mühüm hadisə kimi 2019-cu il noyabrın 26-da Avstriyanın “ÖBB Rail Cargo Group”u və Niderlandın “Cabooter Group”u ilə Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu vasitəsilə Avropadan Orta Asiyaya və Çinə yükdaşımalarının gücləndirilməsi və genişləndirilməsi məqsədilə sazişin imzalanması hadisəsinə diqqəti cəlb edib. Baş direktorun sözlərinə görə, bu saziş Qərbdən Şərqə doğru Avropanın ən mühüm nəqliyyat qovşaqlarından olan Niderlandın Venlo şəhərindən və Almaniyadan Türkiyəyə (İstanbul), Azərbaycana (Bakı), Orta Asiyaya və daha sonra isə Çinə qədər uzanacaq nəqliyyat dəhlizinin genişləndirilməsində mühüm mərhələ olacaq. Bu ilin mühüm gözləntisi kimi isə martdan etibarən Bakı Limanı ərazisində “gömrük və müvəqqəti saxlanc anbarı”nın işə düşməsini qeyd etmək olar. Bu yenilik yükdaşıma həcminin artmasına, yerli və xarici şirkətlərin əməliyyat imkanlarının genişlənməsinə xidmət edəcək.
Çıxışının sonunda baş direktor tədbir iştirakçılarının suallarını cavablandırıb.
Sonra “Caspian European Club” sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev hər ay Azərbaycan, Gürcüstan və Qazaxıstanda keçirilən “CEO Lunch” sayəsində klubun biznes-netvorkinq üçün beynəlxalq platformaya çevrildiyini bildirib. “CEO Lunch” Xəzər dənizi-Qara dəniz və Baltik regionu ölkələrinin şirkət nümayəndələri ilə qeyri-rəsmi şəraitdə ünsiyyətin və yeni işgüzar əlaqələrin qurulmasına əlavə imkanlar yaradır. “CEO Lunch”, həmçinin dövlət və özəl sektor arasında dialoqun qurulmasında aparıcı alətlərdən biridir.
Daha sonra T.Ziyadova “Caspian European Club”un fəxri üzvlük sertifikatı təqdim olunub. “Caspian European Club”un üzv şirkətlərinə də sertifikatlar verilib.
Azərtac