"Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri" adlı sənədin hazırlanması prosesi müvafiq İşçi Qrupunun rəhbərliyi altında artıq yekunlaşıb. Bu barədə Fed.az-a İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı bildirib.
Onun sözlərinə görə, hazırda hazırda sənədin hüquqi və linqvistik ekspertizası həyata keçirilir: “Eyni zamanda Strateji Yol Xəritəsinin gələcək 10 ildən artıq bir müddətdə vacib əhəmiyyəti əsas götürülərək bütün dövlət orqanlarından müvafiq rəylərin alınması prosesi gedir. Sənədin ilin sonuna qədər təsdiqi və ictimaiyyətə açıqlanması planlaşdırılır".
Qeyd edək ki, Strateji Yol Xəritəsi yeni iqtisadi çağırışlar fonunda postsovet məkanında ilk belə sənəd olacaq ki, bütün maraqlı tərəflərin iştirakı və açıq ictimai müzakirələr aparılmaqla qəbul edilir.
Strateji Yol Xəritəsinin yazılmasında 400 nəfərə qədər xarici və yerli ekspert birbaşa iştirak edib. Bununla yanaşı, sənədin yazılması üçün 4 000 nəfərlə 150-yə qədər görüş keçirilib. İndiyədək 5 000 səhifəlik material işlənilib və müxtəlif dövlət orqanları, yerli və xarici akademik dairələr, təhsil müəssisələri, özəl sektor və vətəndaş cəmiyyətinin nümayəndələri tərəfindən 1 000-dən çox yazılı təklif verilib.
Bu sənəd iqtisadiyyatın 11 əsas sektoru ilə yanaşı, həm də ümumi iqtisadi mühiti ehtiva edən milli iqtisadiyyat perspektivini də əhatə edir. Ümumilikdə, milli iqtisadiyyat perspektivi və 11 iqtisadi sektora dair yol xəritəsini özündə birləşdirən Strateji Yol Xəritəsi 12 sənəddən ibarətdir.
Strateji baxış və yol xəritəsi qısa, orta və uzunmüddətli dövrləri əhatə etməklə təfsilatlı birillik yol xəritəsi, 2017-2020-ci illər üçün iqtisadi inkişaf strategiyası və tədbirlər planı, 2025-ci il üçün uzunmüddətli baxış və 2025-ci ildən sonra hədəf baxışından ibarətdir. Sənəd təkcə inkişaf məqsədləri və prinsiplərini deyil, həm də hər bir istiqamət üzrə qlobal trendlər, mövcud vəziyyətin GZİT təhlili, görüləcək tədbirlər, tələb olunan investisiya və əsas indikatorları əhatə edir.