Azərbaycanda son bir ildə qiymətlər cəmi 8,5% artıb.
FED.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi2020-ci ilin sentyabtrından indiyədək, yəni bir il əvvəllə müqayisədə Azərbaycanda müxtəlif sahədə qiymətlərin necə dəyişdiyin açıqlayıb.
Rəsmi məlumat belədir ki, son bir ildə, yəni 2020-ci ilin sentyabrından 2021-ci ilin sentyabrınadək ölkədə ümumi qiymət artımı 8,5% olub, ərzaq 10,4%, qeyri ərzaq malları 7,1% bahalaşıb. Xidmətlərin qiymətində isə təqribən 8 artım var.
Rəqəmlərə əsasən son bir ildə çörək və süd məhsulları təqribən 8%-ə qədər, kərə və bitki yağları isə cəmi 9,6% bahalaşıb. Komitə qənd, cem, bal, şokolad və konfetlərin də 9,6% artdığını bildirir.
Bundan başqa, rəsmi rəqəmlərə görə, çay- qəhvə 7%, mineral sular və sərinləşdirici içkilər 6%, siqaretlər isə cəmi 8% bahalaşıb.
Komitə ərzaqlar arasında yalnız tərəvəzləri 42% bahalaşdığını bildirir.
Qeyri ərzaq kateqoriyasına gəlincə, xalçalar və qab-qaşıq 7-7,5% bahalaşıb.
Dövlət Statistika Komitəsi dərmanların qiymətinin artmadığını bildirir.
Dərman vasitəsi olmayan tibbi məhsulların qiymətində isə 8,6%-lik artım var.
Komitənin açıqladığı bəzi məlumatlar olduqca mübahisəlidir.
Belə ki, rəsmi məlumatlara görə, son bir ildə, yəni 2020-ci ilin sentyabrından 2021-ci ilin sentyabrınadək tikinti materialları cəmi 10% bahalaşıb. Halbuki, bu dövrdə tikniti materiallarının qiymətinin bəzi sahələrdə az qala ikiqat artdığı məlumdur.
Ümumiyyətlə Dövlə Statistika Komitəsinin açıqladığı siyahıdan məlum olur ki, son bir ildə ölkədə heç bir ərzaq və qeyri-ərzaq məhsulunun qiyməti 10%-dən çox bahalaşmayıb.
Yeganə istisna tərəvəzin qiymətində (hansı ki, asanlıqla mövsümi amillərlə əsslandırmaq olar) və Audiovizual, fotoqrafiya və informasiya işlənməsi avadanlıqlarının təmiri xidmətindədir (10,7% bahalaşma), hansı ki, olduqca az istifadə edilir.
Komitənin açıqladığı qiymətlər arasında kəskin artım yalnız Tarif Şurasının tənzimlədiyin qiymətlərdir ki, bu da məlum qərarlarla artırılıb.