"S&P Global Ratings" ("S&P") agentliyinin son proqnozlarına görə, bu il Azərbaycan iqtisadiyyatı real ifadədə 4%, 2022-ci ildə isə 2% artacaq. Agentlik 2022-2024-cü illərdə ölkə iqtisadiyyatının orta artım tempinin 1,7% olacağını proqnozlaşdırır.
Eləcə də bax: AYİB Azərbaycan iqtisadiyyatı üzrə - PROQNOZUNU YAXŞILAŞDIRIB
FED.az biznes və maliyyə xəbərləri portalı Apa-ya istinadən xəbər verir ki, "S&P"nin Qafqaz və Mərkəzi Asiya üzrə hesabatına görə, 2022-ci ildə Azərbaycanda istehsal olunan ÜDM-in həcminin 2019-cu ilin səviyyəsini üstələyəcəyi gözlənilir, neft qiymətlərinin daha əlverişli olduğu halda, bunun bir qədər də tez baş verəcəyi istisna edilmir.
"S&P"yə görə, qlobal neft ixracının bərpa prosesi bu ilin sonunadək, Azərbaycan və Qazaxıstanda isə gələn il də davam edəcək. Bərpa prosesi OPEC və "OPEC+" ölkələrinin sentyabrda gündəlik neft hasilatını 5,8 mln. barelə qaldırması şərtləndirəcək. Bundan əlavə, təbii qaza tələbatın artması Avropaya qaz ixrac edən Azərbaycanın ticarət saldosuna və investisiya artımına müsbət təsir göstərəcək.
"S&P" qeyd edir ki, Azərbaycanın güclü xarici balansı ölkənin yüksək həcmli valyuta ehtiyatları ilə birgə kredit reytinqinin ("BB+","Sabit","B") əsası sayılır və bu göstəricilə 2022-2024-cü illərdə stabil qalacaq.
Xatırladaq ki, Azərbaycan İqtisadiyyat Nazirliyinin real ÜDM üzrə proqnozlarına görə isə, neftin bir barelinin ortaillik qiyməti 50 ABŞ dolları götürülməklə hazırlanmış makroiqtisadi proqnoz göstəricilərinə əsasən, cari ildə Azərbaycanda real ÜDM 5,1% artacaq. 2022-ci il üçün isə ÜDM-in real artımının 3,9% olacağı proqnozlaşdırılır.
Qeyd edək ki, 2020-ci ölkədə real ÜDM 4,3% azalıb. 2019-cu ildə Azərbaycanda nominal ÜDM istehsalı 81,681 mlrd. manat təşkil edib, real ÜDM-in artım tempi isə 2,2% olub.