Azərbaycanın bank sektoru zəif və mürəkkəb iqtisadi şəraitə qarşı həssas olaraq qalır.
FED.az APA-ya istinadən xəbər verir ki, bu barədə "Standard & Poor`s" beynəlxalq reytinq agentliyinin yaydığı açıqlamada deyilir.
"Azərbaycan hökuməti tərəfindən təklif olunan "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin (ABB) xarici öhdəliklərinin restrukturizasiyası planı iyulun 18-də beynəlxalq kreditorlar tərəfindən qəbul olunub. Bizim hesablamalarımıza əsasən, bunun nəticəsində Azərbaycanın xarici dövlət borcu ÜDM-in 9%-dək artacaq. ", - deyə məlumatda qeyd edilib.
S&P Azərbaycan Dövlət Neft Fondunun ABB-də olan və restrukturizasiya prosesinin şamil olunduğu depozitlərini Azərbaycanın dövlət likvid aktivlərinin strukturundan çıxarıb.
"Düşünmürük ki, ABB ətrafında baş verənlər digər banklara ciddi təsir edəcək. Buna baxmayaraq, hesab edirik ki, bank sektoru zəif və mürəkkəb iqtisadi şəraitə qarşı həssas olaraq qalır. Azərbaycan Mərkəzi Bankının (AMB) təqdim etdiyi rəqəmlərə əsasən, 2017-ci ilin may ayına qeyri-işlək (problemli) kreditlərin ümumi portfeldə çəkisi 12% təşkil edir. Lakin biz hesab edirik ki, toksik aktivlərin səviyyəsi real olaraq daha çoxdur", - deyə agentlik bildirib.
S&P-nin analitikləri hesab edir ki, aparılan pul-kredit siyasətinin effekti azdır, lakin manatın məzənnəsinin daha çevik olması milli valyutanın məzənnəsinə və valyuta ehtiyatlarının azalmasına təzyiqləri azaldıb.
"Bununla yanaşı, qeyd etməliyik ki, Mərkəzi Bankın yaranan vəziyyətə təsir imkanları məhduddur. Depozitlər üzrə dollarlaşmanın (60%-dən çox) yüksək olması tənzimləyicinin daxili pul bazarına təsir imkanlarını da məhdudlaşdırır", - deyə mütəxəssislər qeyd edib.