İyul-avqust aylarında Azərbaycanda 25 min nəfər iş yerini itirib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən xəbər verir. Komitənni bu gün açıqladığı məlumata görə, 2020-ci il sentyabrın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 59,8 min nəfər və ya 3,7 faiz artaraq 1670,9 min nəfər olub. Onlardan 902,3 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 768,6 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.
FED.az-ın məlumatına görə, əmək bazarında əmək müqaviləsi ilə işləyənlərin sayı ilin əvvəlində kəskin artsa da, sonradan azalma müşahidə olunur. Belə ki, ilin əvvəlində işçilər üçün icazə sisteminin tətbiq edilməsi nəticəsinjdə özəl sektor indiyədək açıqlamadığı işçilərini rəsmiləşdrməli olmuş, bu da özəl sektorda işçi sayı üzrə statistikanı artırmışdı. Sonradan isə pandemiyanın təsirləri davam etdikcə özəl sektorda ixtisarlar başlayıb. Təsadüfi deyil ki, işçi maaşlar üzrə biznesə dövlət dəstəyinin ikinci mərhələsində işçilərin ixtisarı ilə bağlı tələblər daha yumşaq olmuşdu.
FED.az-a bildirilmişdi ki, əvvəlki mərhələdən fərqli olaraq bu dəfə ixtisara yol verən bizneslər də dövlət dəstəyi alacaqlar. Sadəcə ixtisar müəyyən həddən – ümumi kollektivin 20-30%-dən artıq olmamalıdır.
Maraqlıdır ki, bu dövrdə dövlət sektorunda ixtisarlar daha böyük olub. İlin əvvəlində dövlət sektorunda 912 min nəfər çalışsa da, iqtisadi dəstək tədbirləri ilə bu say artırılmış və may ayının sonunda 930 min nəfərə çatmışdı. Amma bundan sonra ixtisar prosesi başlayıb.
Nəticədə iyun, iyul və avqust aylarında dövlət sektorunda ümumilikdə 28 min nəfər ixtisar edilib. Bu son illərin ən böyük göstəricisidir.
İyun ayında özəl sektorda işçı sayı artdığına görə, dövlət işçilərinin azalması ümumi işçi sayında çox his olunmamaşdı. Amma iyuldan başlayaraq özəl sektorda da tədricən ixtisarlara başlanılıb. Nəticədə son iki ayda işçi sayının kəskin azalması baş verib – ölkə üzrə ümumi işçi sayı 1 695 min nəfərdən 1 670 min nəfərə düşüb.
Xatırladaq ki, son aylar ölkədə orta aylıq əmək haqqı da azalır.