“Biz ictimaiyyəti tikintinin başlanması, habelə yeni inzibati binanın tikintisinin səbəbləri ilə bağlı dəfələrlə məlumatlandırmışıq. Komitənin yarandığı vaxtdan bəri yerləşdiyi köhnə bina, o cümlədən idarəetmə sistemində müasir informasiya texnologiyalarının tətbiqini nəzərə alsaq, bugünkü tələbatlarımıza cavab vermir”.
Eləcə də bax: “Mən Komitəyə rəhbər olandan bəri rüsum və vergilər artırılmayıb”
FED.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Səfər Mehdiyev Virtualaz.org-a müsahibəsində qurum üçün tikilən yeni bina ilə bağlı səsləndirilən fikirlərə münasibətində bildirib.
“Unutmayın, biz rəqəmsal ticarətin, risklərin idarəolunma metodologiyalarının və çoxfunksiyalı operativ fəaliyyətin gündəlik təkmilləşdiyi dövrdə çalışırıq. Və bizim fəaliyyətimizdə transformasiyalar Ümumdünya Gömrük Təşkilatı və Ümumdünya Ticarət Təşkilatının tələbləri əsasında baş verir. Sovet dövrünün balaca və köhnə inzibati binasında rəqəmsal texnologiyaların tətbiqini təmin etmək çox çətindir. Bu, məsələnin bir tərəfidir. Digər tərəfdən, bizim idarənin hər mərtəbəsində sahəsi 15-20 kv.m. olan otaqlarda 5-7 əməkdaş yerləşib. Gedib baxa bilərsiz. Ona görə də bizim büdcədən kənar vəsaitlər fondumuzun hesabına yeni inzibati binanın inşası ilə bağlı qərar verildi. Tikinti işləri bir ilə yaxındır davam edir.
Görünür, bizim uğurlarımız və ölkənin iqtisadi təhlükəsizliyinin təmin olunması üçün fəaliyyətimiz kimlərinsə tamahkar maraqlarına toxunur. Anlaya bilmirəm, axı söhbət dövlətə məxsus binanın tikintisindən gedir. Bu, kiminsə mülkiyyəti deyil. Və burada bütöv bir idarənin əməkdaşları çalışacaq. Burada pis nə var? Bizə tez-tez Ümumdünya Gömrük Təşkilatından və digər ölkələrin gömrük xidmətlərindən yüksək vəzifəli qonaqlar gəlir. Bakıda dünya gömrüyünün müasir çağırışlarına həsr olunan seminarlar, konfranslar, dəyirmi masalar keçirilir. Yeni binada dünya əhəmiyyətli tədbirlər təşkil olunacaq. Bu təşəbbüsdə kimlər və niyə mənfi cəhət axtarırlar? Axı bu, bizim xidmətimizin, ölkəmizin beynəlxalq tərəfdaşlar arasında imicini yüksəldir, elə deyilmi?”, - deyə DGQ sədri əlavə edib.