Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Yunanıstan hakimiyyətindən DESFA qaz operatorunda səhmlərinin bir hissəsinin (66%-nin) əldə olunması ilə əqdlərin uğurlu yekunlaşması üçün kompromis təkliflər gözləyir. Bu barədə "SOCAR Energy Greece" şirkətinin rəhbəri Anar Məmmədov İzmirdə jurnalistlərə bildirmişdir.
Onun sözlərinə görə, Yunanıstanda qaz tariflərinin hesablanması üzrə yeni qaydalar DESFA-nın gəlirliliyinə mənfi təsir göstərəcək: "Bizim hazırda bu layihəyə marağımız var, lakin kommersiya baxımından da faydalı olmalıdır. Yeni şərtlərlə isə SOCAR özəlləşdirmə məsələsinə bir o qədər hazır olmaya bilər".
A.Məmmədov həmçinin qeyd edib ki, hazırda SOCAR Yunanıstandan cavab gözləyir və DESFA-nın özəlləşdirilməsi ilə bağlı prosesdə iştirakını davam etdirməyə hazırdır.
O, həmçinin vurğulamışdır ki, tender üzrə zəmanət məktubunun müddəti sentyabrın 30-da bitir. Bu müddəti uzatmaq isə sadə prosedurdur və lakin şirkət hazırda buna əsaslı səbəb görmür.
Cənab Məmmədov əlavə edib ki, ilkin qiymətləndirməyə əsasən, yeni tariflərlə Yunanıstan şirkəti öz dəyərini 40-50 faiz itirir.