SOCAR üzrə cəmi aktivlər və cəmi kapital 01.01.2016-cı il tarixinə müvafiq olaraq 39,954 mlrd. manat və 14,648 mlrd. manat, 01.01.2017-ci il tarixinə isə 53,007 mlrd. manat və 17,704 mlrd. manat təşkil edib.
Bu barədə SOCAR-ın iqtisadi məsələlər üzrə vitse-prezidenti Süleyman Qasımovun "İki sahil" jurnalının xüsusi buraxılışında yer alan məqaləsində deyilir.
Müəllif qeyd edir ki, SOCAR-ın gəlirləri və faiz və amortizasiya xərcindən əvvəlki mənfəəti (EBİTDA) 2015-ci il üzrə müvafiq olaraq 33,103 mlrd. manat və 3,132 mlrd. manat, 2016-cı il üzrə isə 51,905 mlrd. manat və 4,741 mlrd. manat olub.
Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) payına düşən mənfəət neftinə və qaza görə vəsait də daxil olmaqla 2016-cı ildə SOCAR-ın müvəkkil banklarda olan hesablarına pul daxilolmaları 17 mlrd. 173,12 mln. manat olub ki, bundan da 1 mlrd. 229,72 mln. manatı xam neft (Hasilatın Pay Bölgüsü Sazişi üzrə dövlətin payına düşən mənfəət nefti nəzərə alınmadan), qaz, neft-qaz və kimya məhsullarının ixracından, 3 mlrd. 4,89 milyon manatı isə daxili bazarda məhsul satışı hesabınadır. 2016-cı ildə dövlət büdcəsinə 1 mlrd. 395,46 mln. manat, Dövlət Sosial Müdafiə Fonduna 144,43 mln. manat, Dövlət Neft Fonduna isə layihələrdən dövlətin payına çatan karbohidrogenlərin satışı hesabına 8 mlrd. 454,52 mln. manat ödənilib.
2017-ci ilin 8 ayında isə bu göstəricilər 15 mlrd. 602,60 mln. manat olub ki, bundan da 918,45 mln. manatı xam neft (HBPS üzrə dövlətin payına düşən mənfəət nefti nəzərə alınmadan), qaz, neft-qaz və kimya məhsullarının ixracından, 2 mlrd. 442,41 milyon manatı isə daxili bazarda məhsul satışı hesabınadır. Həmçinin sözügedən dövrdə dövlət büdcəsinə 1 mlrd. 48.35 mln. manat, Dövlət Sosial Müdafiə Fonduna 99,83 mln. manat, Dövlət Neft Fonduna isə layihələrdən dövlətin payına çatan karbohidrogenlərin satışı hesabına 7 mlrd. 759,49 mln. manat ödənilib.