Vətəndaş Vüsal Mərdanov Dubaydan Bakıya gələrkən hava limanında gömrük əməkdaşları tərəfindən mobil telefonunun qanunsuz şəkildə alındığını iddia edib.
Eləcə də bax: Mobil telefonlarla bağlı qərar barədə - AÇIQLAMA
FED.az xəbər verir ki, bununla bağlı vəkil Elçin Sadıqov feysbukda paylaşım edib. Paylaşımda bildirilib ki, vətəndaş 27 aprel 2022-ci ildə Bakıya gələrkən 4 aprel 2022-ci ildə qeydiyyatdan keçirilən "Iphone 13 Pro Max" markalı telefon Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfinfən qanunsuz olaraq alınıb: "Bu barədə qanunsuz akt tərtib edərək şəxsi telefonumu anbara qoydular. Bildirdilər ki, bu barədə göstərişi İdarənin rəisi Mehman Sadıqov verib. Baş vermiş hərəkətlə bağlı dəfələrlə müraciət etsəm də, mənə bildirirlər ki, "bir aydan az istifadə olunan əşya şəxsi əşya hesab edilə bilməz".
İnsanların şəxsi istifadəsində olan əşyalardan gömrük rüsumu tutula bilməz. Belə ki, “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”nın təsdiq edilməsi barədə Nazirlər Kabinetinin 305 saylı qərarı ilə təsdiq edilmiş qaydalara əsasən, şəxsi istifadədə olan əşyalara gömrük rüsumunun alınması qadağandır".
Məsələ ilə bağlı Dövlət Gömrük Komitəsindən bildirilib ki, Vüsal Mərdanovun iddiaları həqiqətə uyğun deyil: "Sözügedən hadisə aprein 27-də baş verib. Vüsal Mərdanov mobil telefonun uzun müddətdir (cari ilin aprel ayının 4-dən etibarən) istifadəsində olduğunu iddia etsə də, cihazın elə həmin gün, aprelin 27-də qeydiyyatdan keçirildiyi müəyyənləşdirilib. Mövcud qanunvericiliyə görə şəxsi istifadə üçün nəzərdə tutulan güzəşt limitini aşdığı üçün Vüsal Mərdanova özü ilə gətirdiyi telefona görə yaranan gömrük ödənişlərini dövlət büdcəsinə ödəməklə gömrük rəsmiləşdirilməsini həyata keçirməli olduğu bildirilib.
Onu da qeyd edək ki, Dövlət Gömrük Komitəsinin Vahid Avtomatlaşdırılmış İdarəetmə sistemi vasitəsilə aparılan araşdırma zamanı Vüsal Mərdanovun cari ilin yanvar ayından etibarən 30 dəfədən çox, təkcə mart-aprel ayları ərzində 12 dəfə Dubaya gediş-gəliş etdiyi müəyyən olunub". (Qafqazinfo)