Şəmkir rayonunda 2019-cu ilin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr müzakirə olunub.
Eləcə də bax: «Azəriqaz» istixana sahiblərinə - GÜZƏŞTƏ GETDİ - ŞƏMKİRDƏ TOPLANTI
FED.az xəbər verir ki, tədbirdə Prezident Administrasiyasının məsul əməkdaşı Orxan Mürsəlov, Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, xidmət sahələrinin rəhbərləri, media və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Yığıncaqda Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov hesabat məruzəsi ilə çıxış edib. Məruzədə qeyd olunub ki, ölkənin sosial-iqtisadi həyatında olduğu kimi, Şəmkir rayonunda da 2019-cu ildə iqtisadiyyatın əsasını təşkil edən kənd təsərrüfatı, sənaye, tikinti, eləcə də nəqliyyat, rabitə, ticarət və xidmət sahələrində müsbət nəticələr qazanılıb.
Vurğulanıb ki, ötən il rayon iqtisadiyyatına investisiya qoyuluşunun həcminin artırılması ilə bağlı tədbirlər davam etdirilib. Sahibkarlar tərəfindən ümumi dəyəri 85 milyon 606 min manat olan 85 layihə üzrə kənd təsərrüfatı məhsulları istehsalı və satışı, tikinti, ticarət və digər sahələrə 51 milyon 5 min manat investisiya qoyuluşu həyata keçirilib.
Ötən il ərzində görülən işlərin müzakirəsi zamanı qeyd olunub ki, Şəmkirdə son dövrlərdə təkcə rayon mərkəzində deyil, kənd və qəsəbələrdə də abadlıq işləri aparılır. Rayonun kənd və qəsəbələrində məktəb, uşaq bağçası və xəstəxanaların təmir və tikintisinin davam etdirildiyi diqqətə çatdırılıb.
Rayon icra hakimiyyətinin başçısı Alimpaşa Məmmədovun məruzəsində, eləcə də çıxışlarda iqtisadiyyatın ayrı-ayrı sahələrində görülən işlərdən, o cümlədən ixracyönümlü məhsullardan hesab olunan baramaçılığın inkişafına göstərilən dövlət qayğısından, qazanılan uğurlardan ətraflı danışılıb.
İclasda rayon xidmət təşkilatlarının hesabatları dinlənərək, qarşıda duran məsələlər və problemlərin həlli yolları müzakirə edilib. Hesabat yığıncağında Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Orxan Mürsəlov çıxış edərək 2019-cu il ərzində Şəmkir rayonunda görülmüş işləri müsbət qiymətləndiriblər.
Hesabat yığıncağının sonunda qərar layihəsi qəbul olunub, toplantı iştirakçıları adından ölkə Prezident İlham Əliyevə müraciət qəbul edilib.
Qafqazinfo