"Xəzər regionu Yaponiyanın enerji təhlükəsizliyi üçün mühüm rol oynayır". Bunu Yaponiyanın Azərbaycandakı səfiri Tsukuo Takaxaşi "Caspian Energy İnternational Media Group"un prezidenti və baş redaktoru Natalya Əliyeva ilə görüşündə bildirib.
“Yaponiya tamamilə idxaldan asılı ölkə olduğu üçün neft mənbələrinin diversifikasiyası bizim üçün əhəmiyyətlidir. Bu gün neftin 8%-ni Rusiyadan, digər hissəsini isə Yaxın Şərq dövlətlərindən əldə etdiyimizdən Xəzərdə neftçıxarma bizim üçün böyük əhəmiyyət kəsb edir. Xəzər regionu Fars körfəzindən sonra dünyada ikinci dəyərli enerji ehtiyatları mənbəyidir”, - deyə səfir qeyd edib
Diplomat bildirib ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təminatında aparıcı rola malikdir: "Bununla yanaşı, Azərbaycan Cənub Qaz Dəhlizi boru kəmərinin inşasında mühüm təşəbbüsçü rolunu oynayır. Bu isə XXI əsrdə onun Avropa qaz bazarında iştirakının əhəmiyyətliliyinə zəmanət verir. Mən Azərbaycanın gələcəkdə qaz-neft sahəsində daha böyük uğurlar qazanacağına inanıram”.
Səfir əlavə edib ki, bu gün Yaponiya-Azərbaycan əlaqələri əsasən neft sahəsinə yönəldilib: "Yaponiya şirkətləri, xüsusilə də “Azəri-Çıraq-Günəşli” layihəsində iştirak edir və BTC-nin səhmdarlarıdır. Azərbaycanın qeyri-neft sektorundakı potensialını nəzərə alsaq, işgüzar əməkdaşlığın başqa sahələrdə də irəliləyəcəyini söyləyə bilərik. "İsuzu" yük avtomobillərinin yığılması zavodunun inşası buna sübutdur”.
Diplomatın sözlərinə görə, bir çox Yaponiya şirkətləri Azərbaycanla iqtisadi əməkdaşlıqda maraqlıdır və onlar investisiya mühitinin təkmilləşməsi prosesini müşahidə edir. Yaponiya iqtisadiyyatın diversifikasiyasında, kənd təsərrüfatı, turizm, nəqliyyat, o cümlədən alternativ energetikanın inkişafında, yol infrastrukturunun təşkilində Azərbaycan hökumətinin qarşıya qoyduğu məqsədi dəstəkləyir.
“Yaponiyanın güzəştli kreditlərindən yararlanaraq bu günə kimi biz İES-in tikintisini həyata keçirmişik. İndi Azərbaycanda elektrik enerjisinin 1/6 hissəsi Yaponiya dövlətinin dəstəyi ilə istehsal olunur. Bu, bizim üçün fəxrdir”, - deyə səfir söyləyib.
T.Takaxaşinin sözlərinə görə, Azərbaycan hökuməti investisiya mühitinin təkmilləşməsinə böyük əhəmiyyət verir: “Ümid edirəm ki, həmin proses nəticəsində Yaponiya şirkətləri bu islahatlarda fəal iştirak edəcəklər".
Report©