“Son dövrlərdə ikitərəfli ticarət əlaqələrimiz artıb. Azərbaycan şirkətləri Rumıniya bazarındakı iştiraklarını artırıb. Bu, mövcud potensialın göstəricisidir. İqtisadiyyatlarımız bir-birindən asılıdır” – bunu Report Informasiya Agentliyinə müsahibəsində Rumıniyanın Azərbaycana yeni təyin olunmuş səfiri Dan Yankun deyib.
Eergetikanı Azərbaycan – Rumıniya əməkdaşlığının mühüm hissəsi adlandıran səfir, hər iki ölkənin Avropanın həm enerji təhlükəsizliyini, həm də enerji daşıyıcılarının diversifikasiyasını gücləndirməyə imkan yaradacaq AGRİ (Azərbaycan-Gürcüstan-Rumıniya İnterconnector) layihəsini dəstəklədiyini deyib: “2015-ci ilin iyun ayında tərəfdaş ölkələrin energetika nazirləri, o cümlədən də Azərbaycanın energetika naziri Natiq Əliyev AGRİ təşəbbüsünün müzakirəsi üçün Buxarestdə görüşüb və bu mühüm layihəni dəstəklədiklərini təsdiq edən siyasi bəyanat yayıblar. Aİ-nin Avropanın enerji bazarının gücləndirilməsinə yönələn investisiyalarını nəzərə alsaq, AGRİ layihəsi daha əhəmiyyətli olacaq”.
Dan Yankun SOCAR-ın Rumıniyadakı fəaliyyəti ilə bağlı da fikirlərini bölüşüb: “Buxarestdən ayrılmamışdan əvvəl SOCAR-ın Rumıniya şöbəsinin rəhbərliyi ilə görüşdüm və SOCAR-ın Rumıniyada fəaliyyətini uğurla inkişaf etdirməsiylə bağlı xəbəri eşitdiyimə sevindim. Şirkət indiyə kimi bütün ölkə üzrə 34 yanacaqdoldurma məntəqəsi açıb və fəaliyyətini daha da genişlənməyi planlaşdırırlar. Şirkət Rumıniya bazarına daxil olandan erkən mənfəət barədə məlumat verib. Onlar iş yerləri yaradırlar. Fəxrlə deyə bilərəm ki, SOCAR Rumıniyada tanınmış brenddir. SOCAR-ın Rumıniyadakı iştirakını gücləndirəcəyini gözləyirik” – deyə, səfir bildirib.