Bakı Avropa İttifaqı (Aİ) ilə strateji tərəfdaşlıq müqaviləsi üzrə danışıqların tezliklə başlayacağına ümid edir. Bunu Azərbaycanın Belçikadakı səfiri Fuad İsgəndərov "Euractiv" portalına müsahibəsində deyib.
“Azərbaycan Şərq Tərəfdaşlığı çərçivəsində enerji, təhlükəsizlik, miqrasiyanın idarə olunması və digər sahələrdə Avropa İttifaqının real tərəfdaşına çevriləcək”, - deyə o bildirib.
FED.az İnterfax agentliyinə istinadən xəbər verir ki, səfirin sözlərinə görə, Bakı Aİ ilə strateji və bərabərhüquqlu əməkdaşlığı inkişaf etdirmək niyyətindədir.
“Bu əməkdaşlıqdan heç bir möcüzə gözləmirik, buna çox praqmatik baxışımız var. Bu siyasi dialoqun bütün elementləri çox möhkəm bazaya əsaslanmalıdır”, - deyə F.İsgəndərov vurğulayıb.
O, Cənub Qaz dəhlizinin Aİ və Bakı arasında əməkdaşlığın möhkəmləndirilməsindəki xüsusi rolunu qeyd edib.
Səfir əlavə edib ki, Azərbaycan coğrafi nöqteyi-nəzərdən Asiya və Avropa arasında nəqliyyat mərkəzidir.
“Bu baxımdan biz siyasi dialoq üçün çox möhkəm bazaya malikik. Bu proseslərin sinxronlaşdırılmasını vacib sayıram, bununla əlaqədar avropalı tərəfdaşlarımıza Azərbaycanla danışıqların aparılması üçün mandatın verilməsi sevindiricidir. Danışıqlar çətin ola bilər, amma nəticələrin yaxın aylarda məlum olacağına əminəm”, - deyə F.İsgəndərov bildirib.